"Hansı ölkənin vasitəçi olmağına baxmayaraq, Azərbaycanın mövqeyi məlumdur" - Deputat

 17:56 31.03.2023     2780

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 30-da keçirdiyi həftəlik brifinqdə bildirib ki, Bakı ilə İrəvan arasında yalnız Rusiyanın vasitəçiliyi ilə sülh yarana bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Ermənistanla vasitəçiliyi hər hansı ölkə üzərinə götürməyinə baxmayaraq, Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoydu.

Onun sözlərinə görə, bu mövqe beynəlxalq hüquqa söykənir:

"Bu mövqe Azərbaycanın suveren hüquqlarının qorunmasına və milli maraqlarına söykənir. Beş prinsip üzərində sülhün əldə olunacağı ilə bağlı Azərbaycan öz qəti mövqeyini  bildirib. Onu da qeyd edək ki, noyabrda Ermənistanın kapitulyasiya olunmasında və bəyannamənin qəbul olunmasında Rusiya da iştirak edib. Yəni Rusiya tərəfinin də burada iştirakı var. Mən hesab edirəm ki, Rusiya bu problemlə daha geniş şəkildə tanış olduğu üçün Rusiyaya aydındır və əgər Ermənistan Rusiyanın vasitəçiliyini, ya digər hər hansı bir vasitəçi ölkəni özü üçün məqbul hesab edirsə, bu, Ermənistanın özünün seçimidir. Ancaq yenə qeyd edək ki, sadəcə olaraq Rusiyanın üstünlüyü ondan ibarətdir ki, problem Rusiyaya tanışdır. Digər tərəfdən isə qeyd etdiyim kimi, Rusiya noyabr bəyannaməsinin əldə olunmasında da bir tərəf kimi iştirak edirdi və bu baxımdan Rusiyanın iştirakı yenə olsun. Sadəcə olaraq Azərbaycan öz prinsiplərini irəli sürüb. Bu prinsip ətrafında, bu prinsip dairəsində hansı ölkənin vasitəçi olmağına baxmayaraq, bu mövqe bizə məlumdur"

Həmidə İbrahimli