"Bizim Türkiyə və İsrail kimi müttəfiqlərimiz var" - Cavanşir Paşazadə

 11:19 03.04.2023     575

"44 günlük müharibəninin sonunda üçtərəfli bəyanatın imzalanmasında Rusiya da iştirak edirdi. Buna görə də Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında bu gün də Rusiyanın iştirakı ilə müxtəlif səviyyələrdə görüşlər, danışıqlar aparılır".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Bakı ilə İrəvan arasında yalnız Rusiyanın vasitəçiliyi ilə sülh yarana bilər" açıqlamasına münasibət bildirərkən dedi.

Deputat hesab edir ki, sülh danışıqlarında, o cümlədən Azərbaycan ekofəallarının Xankəndi-Laçın yolunda keçirdiyi aksiya ilə bağlı məsələlərin müzakirəsində təkcə Rusiyanın iştirakı ilə yox, başqa ölkələrin də iştirakı ilə mümkündür.

"Bizim Türkiyə və İsrail kimi müttəfiqlərimiz var. Əlbəttə, Rusiya da müttəfiqimizdir, bizim əlaqələrimiz var. Rusiya bizimlə dost ölkədir, həmişə aramızda münasibətlər var. Ona görə də təbii ki, Rusiyadan da bölgədə sülhün olmasını və Ermənistan-Azərbaycan məsələsində dəstək olmasını biz də istəyərdik. Fəqət bu o demək deyil ki, Rusiya istəməsə sülh olmayacaq, istəsə olacaq",- deyə deputat qeyd etdi.

Həmidə İbrahimli