"Özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox, İranın yanındadılar" - Deputatdan ETİRAZ

 12:28 03.04.2023     430

"Son günlər yenə bütün şər qüvvələr Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə birləşib. Hər şeyi hər zaman qara görən müəyyən qruplar son proseslərdə də öz cılız hisslərini yenə bilmədikləri üçün Azərbaycan dövlətinin və dövlətçiliyin yanında ola bilmədilər".

Bu barədə Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi.

Onun sözlərinə görə, deputat həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktında cinayəti törədənlər qıraqda qaldı, yenə həmin qruplar Azərbaycan dövlətinin günahkar çıxarılmasına çalışdılar:

"Nəticə isə birdir. Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin bütün düşmənləri birləşiblər, keçmiş proletarlar kimi. Hətta bəziləri irəli gedərək cəsusluqda ittiham edilərək təhlükəsizlik orqanları tərəfindən həbs olunanların ailələrini mitinqlərə, küçələrə çıxmağa çağırdılar.

Bu bir reallıqdır ki, bu gün özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox, Azərbaycan əleyhinə təxribat törədənlərin və İranın yanındadılar.

Onlar Fazil Mustafanın qətlinə istehza edir, zamanında onunla bağlı bir nəfərin yaydığı mənəviyyatdan və əxlaqdan uzaq videonu tirajlayır, guya Azərbaycan İranla müharibə etmək istədiyini car çəkir və bu müharibədə Azərbaycanın uduzacağı ilə bağlı ciddi cəhdlə təbliğat aparırlar.

Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın İranla heç vaxt müharibə aparmaq niyyəti olmayıb və yoxdur. Ancaq biz kiminsə bizə nəyisə diktə etməsi, hədələməsi, təxribat törətməsi ilə də razılaşa da bilmərik. Belə cəhdlərə Azərbaycanın reaksiyası hər zaman olduğu kimi, sərt olacaq. Sizi isə belə davranışlarınızla kimin yanında olduğunuğu, haralardan qidalandığınızı bir daha göstərdiniz.

Əvvəllər də demişəm bu gün də deyirəm, Fazil Mustafaya tuşlanmış "Kalaşnikov" hakimiyyətə yox, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrordur. Bunu hamı dərk etməli, dövlətin və dövlətçiliyin yanında olmağı bacarmalıdır".  

Millət vəkili üzünü tuturam sadə vətəndaşlara tutaraq müraciət etdi.

"Sosial şəbəkələrdə məqsədli şəkildə geniş tirajlanan belə yaramaz təbliğatlara aldanmayın. Bu gün ölkəmiz gərgin və mürəkkəb bir dövrdən keçir. Bu mərhələni keçmək çox önəmlidir. Bu mərhələni keçdikdən sonrakı dövr daha asan və təhlükəsiz olacaq. İndi isə hamılıqla dövlətin və dövlətçiliyin yanında olmaq vaxtıdır. Hər birimiz bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə çalışmalı, dövlətimizə tam inanmalı və güvənməliyik. Allah dövlətimizi və xalqımızı qorusun!" - C.Məmmədov dedi.

Həmidə İBRAHİMLİ