"İran Vətən müharibəsindəki qələbəmizi özünün məğlubiyyəti kimi qəbul edir" - Musa Qasımlı

 17:14 04.04.2023     1402

Bir müddətdir ki, İranın Azərbaycana qarşı təxribatlarının ardı-arası kəsilmir. Ya səfirliyimizə silahlı hücum olunur, ya sərhədimiz pozulur, ya da ölkənin millət vəkilinə qarşı terror aktı törədilir. Bir müddət öncə Xarici İşlər Nazirliyindən də bildirildi ki, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.

Maraqlıdır, niyə İran çirkin təxribatlarından əl çəkmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, İran bizimlə düşmənçilik edir.

"Bunun bir sıra səbəbləri var. İran bizim güclü, müstəqil dövlət olmağımızı istəmir. Ona görə də daim gözdən salır. İkincisi, bizim 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni həzm edə bilmir. Onu özünün məğlubiyyəti kimi qəbul edir. Buradan da çıxış edərək Azərbaycana qarşı müxtəlif vasitələrlə fəaliyyət göstərir. Bu fəaliyyətin də növləri genişdir: Azərbaycana narkotik göndərmək, radikal şəbəkə qurmaq və nəhayət, terror törətmək. Amma İran bu istəklərinə nail ola bilməyəcək. Axırda bütün hərəkətləri onun özünə qarşı yönəldəcək",- deyə deputat qeyd etdi.

Həmidə İbrahimli