Zərdüşt Əlizadədən iranpərəst mövqe: ""Hüseyniyyun" bayraqlarının konsulluğun qabağına qoyulması təxribat deyil..."

 18:00 04.04.2023     1171

İranın Azərbaycana qarşı təxribatlarının ardı-arası kəsilmir. Gah səfirliyimizə hücum olunur, gah sərhədimiz pozulur. Bu azmış kimi, ölkənin millət vəkilinə qarşı terror aktı törədənlərin arxasında İranın olduğu meydana çıxır. Bunu artıq Azərbaycan Xarici İşlər Nazirliyi rəsman bıyan etdi ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir. Bu gün isə Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısına “Hüseyniyyun” terror təşkilatının bayraqları qoyulub.

Maraqlıdır, İran çirkin təxribatlarından niyə əl çəkmir?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadənin mövqeyini öyrənmək istədik.

Gözləntilərimizin əksinə olaraq, mövzu barədə Redaktor.az-a danışan Z.Əlizadə Azərbaycan vətəndaşı olduğunu unudub İranın təxribatlarını müdafiə edən mövqe göstərdi. Onun sözlərinə görə, Azərbaycanla sərhəddən o tərəfdə İranın torpağıdır və qonşu dövlətin öz ərazisində etdiklərini bizə qarşı hesab etmək lazım deyil.

""Hüseyniyyun" bayraqları nə deməkdir? Azərbaycana nə dəxli var? Azərbaycanı təhqir edirmi? Azərbaycana qarşıdırmı? Mən baş düşə bilmirəm, "Hüseyniyyun" bayraqları konsulluğun qabağına qoyulubsa nə üçün bu Azərbaycana qarşı təxribat hesab edilməlidir? Mən əlaqə görmürəm. Mən bir dənə təxribat görmüşəm. O da bir iranlı bizim səfirliyə hücum etmişdi. Bir işçimizi öldürmüşdü. Və bu əlbəttə ki, İran hökümətinin böyük günahı, qüsurudur. Mən bunu təxribat adlandırıram. Amma digər hərəkətləri, təyyarə uçub uçub da. İran öz ərazisində hansısa bir əməl edirsə, mənası deyil ki, o bizə qarşıdır. Fikir vermək lazım deyil, təlim keçirir, "Hüseyniyyun" bayrağı qaldırır... Özləri bilər. Bizə nə dəxli var?"

Zərdüşt Əlizadənin nəzərinə Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərini İrana dəlalət etməsi barədə Azərbaycan Xarici İşlər Naziriyinin bəyanatını çatdırdıqda, sözümüzü ağzımızda qoydu:

"Xarici İşlər Nazirliyi məgər istintaq aparıb? Onu gərək istintaq orqanları desin. İstintaqdan sonra məhkəmə keçməlidir. Məhkəmə onların günahını sübuta yetirməlidir. Ondan sonra əgər desələr ki, İran deyib, biz etmişik onda biz deyə bilərik ki, bəli bu, İranın əməlidir. Amma hələlik heç nə bəlli deyil".

Həmidə İbrahimli