"Rusiyanın vasitəçiliyi daha məqbuldur" - Deputatdan AÇIQLAMA

 15:28 05.04.2023     601

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 30-da keçirdiyi həftəlik brifinqdə bildirib ki, Bakı ilə İrəvan arasında yalnız Rusiyanın vasitəçiliyi ilə sülh yarana bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu xatırlatdı ki, 2020-ci il 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı və birgə bəyanatda təsbit olunan şərtlər mahiyyət etibarilə Azərbaycanın haqlı maraqlarına cavab verirdi:

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi ilə birgə bəyanatın doqquzuncu maddəsində Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin yaradılması məsələsi öz ifadəsini tapdı. Daha sonra isə 2021-ci ilin yanvar ayının 11-də Moskvada növbəti sənəd imzalandı. O sənəd regionda iqtisadi layihələrin həyata keçirilməsini və kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Azərbaycanın da yanaşması bundan ibarət idi ki, regionda iqtisadi layihələr həyata keçirilsin və kommunikasiyalar açılsın. Hər zaman da elə bizim təşəbbüslərimiz də bundan ibarət idi. Sonra isə 2021-ci  ildə noyabr ayının 26-da Rusiyanın vasitəçiliyi ilə Soçi görüşü baş tutdu. Soçidə imzalanmış sənəd də mahiyyət etibarı ilə regionda,  kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Mahiyyət etibarilə Azərbaycanın iradəsi ilə və Rusiyanın vasitəçiliyi ilə başladılmış sülh prosesinin müəyyən bir konturları görünürdü. Sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi də prinsipial məsələ kimi qoyulmuşdu. Bu istiqamətdə həmin dövrdə işçi qrupunun yaradılması vacib hesab edilirdi. Prosesin mümkün nəticələri haqqında müəyyən təsəvvürlərin olduğunu söyləmək olardı. Sonrakı mərhələdə artıq Brüsseldə görüşlər keçirildi və o görüşlər öncəsi Ermənistan çox ciddi təxribatlara əl atırdı. Xüsusilə də, sentyabr ayının 12-14-ü tarixlərində Azərbaycana qarşı daha geniş təxribatlar həyata keçirdi. Avropada keçirilən görüşün nəyə hesablandığı haqqında təsəvvürlər formalaşırdı. Yəni Ermənistan təxribatlar həyata keçirirdi, Azərbaycan bu təxribatların qarşısını alırdı. Belə olan halda Ermənistan özünü Avropada zərər çəkən, aqressiyaya məruz qalan tərəf kimi qələmə verirdi" - deyə o, bildirdi.

Deputatın sözlərinə görə, Avropanın istəyi də ondan ibarət idi ki, Azərbaycanı fərqli obrazda qəbul etsin. E.Mirbəşiroğlu qeyd etdi ki, ötən il oktyabr ayının 6-da Praqada Brüssel görüşünün davamı olaraq görüş keçirildi:

"Bu görüşdə Fransanın Prezidenti Makron da iştirak etdi. Ermənistana Avropa İttifaqının mülki missiyasının göndərilməsi haqqında qərar qəbul olundu. Hesab edirəm ki, mülki missiyanın göndərilməsi haqqında qərarın qəbul edilməsi mahiyyət etibarı ilə başladılmış sülh prosesinin dayandırılmasına hesablanmışdı və bu gün deyə bilərik ki, elə həqiqətən də, bunun əlamətləri görünməkdədir. Ötən il dekabr ayının 19-da Avropa İttifaqının birinci mülki missiyasının başa çatmasına baxmayaraq, ortaya heç bir nəticə, hesabat qoyulmadan növbəti iki il müddətinə mülki missiya göndərildi və Ermənistan bundan sonra  itorikasını nəzərəçarpacaq dərəcədə sərtləşdirdi. Görünən odur ki, Ermənistan yekun sülh müqaviləsindən yayınmaq üçün Avropada dəstək axtarırdı və bu dəstəyi tapdı".

Siyasətçi hesab edir ki, Rusiya bu istiqamətdə Ermənistana hər hansı bir dəstək vermək fikrində deyildi:

"Bu gün reallıqdan çıxış edərək vurğulamaq lazımdır ki, Ermənistanın Baş naziri Paşinyan aşkar şəkildə Rusiyaya qarşı demarş etməkdədir. Paşinyan və onun komanda üzvləri açıq mətnlə bildiriblər ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu təhlükəsizliyə təhdiddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün gərəksiz bir qurumdur. Ermənistan Rusiyanın yaxından dəstəklədiyi Avrasiya İqtisadi İttifaqının işində olduqca könülsüz iştirak etməkdədir. Bütün bunlar Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər gərgin olduğunu göstərməkdədir və sözsüz ki, Paşinyan Rusiyaya qarşı Qərbdən gələn təlimatlar əsasında davranmaqdadır. Bu baxımdan hesab edirəm ki, hazırda Rusiya-Ermənistan münasibətlərinin xarakterindən çıxış edərək Avropada Azərbaycana qarşı aşkar, qərəzli mövqeyini nəzərə alaraq, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunması, Avropanın aparıcı ölkəsi olan Fransa parlamentində Azərbaycan ərazisində separatizmin aşkar şəkildə dəstlənməsi, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışların edilməsi və s. çoxsaylı haqsız, ədalətsiz məqamlar onu göstərir ki, Avropanın vasitəçiliyi heç bir effekt verə bilməz".

E.Mirbəşiroğlunun fikrincə, Avropanın çalışdığı əsas hədəf ondan ibarətdir ki, regionda yenidən gərginlik yaransın və münaqişənin sanki hələ də davam etdiyi təəssüratı formalaşdırılsın ki, bunun üzərindən regiona nüfuz edilsin.

"Görünən reallıq bundan ibarətdir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan hazırda o gücdə və iradədədir ki, öz prioritetlərinə uyğun addımlar atmaqdadır. Sonuncu olaraq Laçın rayonu ərazisində strateji yüksəkliklərin və digər yolların nəzarətimiz altına alınması göstərdi ki, regionda Azərbaycan kifayət qədər təsir və güc imkanına malikdir. Belə olan halda biz bütün ərazilərimiz boyu öz suverenliyimizi təmin edəcəyik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bizi heç nə qorxuda bilməz, yolumuzdan çəkindirə bilməz və bütün hallarda prosesləri Azərbaycan yönləndirir. Prezident İlham Əliyevin strateji baxışları ilə biz güclü mövqelərimizi daha da möhkəmləndirməkdəyik və bu baxımdan əlavə olaraq hesab edirəm ki, hazırda Avropanın regionda gərginlik yaratmaq cəhdləri fonunda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin xarakterindən də çıxış edərək Rusiyanın vasitəçiliyini daha məqbul hesab etmək üçün əsasların olduğunu düşünürəm", - deyə deputat bildirdi.

Həmidə İbrahimli