Prezident Qazaxıstana rəsmi səfər edəcək -YENİLƏNİB

 12:57 07.04.2023     478

Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir".

***

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bu il aprelin 10-da baş tutacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat verib.

"2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq. İki dövlət başçısının Astanada təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək”,- məlumatda deyilir.

Bildirilir ki, danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.

Tunar Altunbay