Fazil Mustafanın xəstəxanadan görüntüsünə "oyundur" deyənlərə SƏRT REAKSİYA
Martın 28-də terror hücumuna məruz qalmış millət vəkili Fazil Mustafanın aprelin 6-da "Real" Televiziyasının rəhbəri Mirşahin Ağayevlə müsahibəsi zamanı görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bilərəkdən, ya bilməyərəkdən çiyinindən güllə yarası alan deputatın nə üçün çiyninə yox, qoluna sarğı vurulmasını istehza ilə sual edib, bu məsələdə oyun olduğunu yazmaqla İran mollalarından heç də fərqlənmirlər.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə şərh yazan həkimlər isə Fazil Mustafanın sarğısı ilə bağlı müzakirələrə sərt reaksiya verərək həmin şəxsləri "alimlik" etməməyə çağırıblar.
Bildirilib ki, sağ çiynindən yaralanmış Fazil Mustafanın qolunun bu vəziyyətdə sarınması və boyundan asılması tam doğru fizioloji, tibbi vəziyyətdir.
Bu vəziyyətdə ağrı azalır, ətrafda şişkinlik əmələ gəlmir, yara tez sağalır, ətrafın funksiyası tez bərpa olur.
Xatırladaq ki, deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçılarının İrana bağlılığı aşkar edilib. Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamsında da qeyd olunub ki, millət vəkili Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.
Turan İSMAYIL