"Azərbaycan və Qazaxıstan dünyada qardaş kimi tanınmaqdadır" - Deputat

 13:08 11.04.2023     946

“Azərbaycan və Qazaxıstan  münasibətləri artan xətt üzrə inkşaf etməkdədir. Son dövrdə Azərbaycan və Qazaxıstan beynəlxalq platformalarda bir-birlərinin mövqelərini və maraqlarını müdafiə ediblər. Həm Müstəqil Dövlətlər Birliyinin tərkibində, həm də Türk Dövlətləri Təşkilatında Azərbaycan və Qazaxıstan uğurla təmil olunmaqdadırlar.”

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Qazaxıstan səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının inkişaf etdirilməsində həm Azərbaycanın, həm Qazaxıstanın misilsiz xidmətləri var:

“44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın mövqeyini və haqq savaşını dəstəkləyən dövlətlər içərisində Qazaxıstan da var idi. Müharibə bitdikdən sonra Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində, yenidən qurulmasında Qazaxıstan dövləti də öz töhfəsini verdi. Hal-hazırda Füzulidə yaradıcılıq mərkəzinin tikintisi məhz Azərbaycana hədiyyə edilibdir. Bu, qazax xalqının, dövlətinin Azərbaycana və xalqına olan münasibətinin və hörmətinin bariz nümunəsidir.”

N.Həmzəyev qeyd etdi ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin bu il 100 illiyi keçiriləcək deyə, Qazaxıstanda da bununla əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilib:

“Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən sənədli filminin hazırlanması, daha sonra məhz Astana şəhərinin ən yeni, müasir, böyük yaşayış massivlərinin birində ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışının baş tutması buna bir töhfədir. Cənab Prezident İlham Əliyev də Qazaxıstana səfəri zamanı Tokayevlə birlikdə bu açılış mərasiminə qatıldı və ağacəkmə oldu".

Deputat bir daha vurğuladı ki, bütün bunlarla yanaşı, heç kəsə sirr deyil ki, Qazaxıstanın Azərbaycan iqtisadiyyatında çox böyük rolu var və qarşılıqlı sərmayələr artmaq üzrədir.

“Həmçinin tranzit və enerji resurslarının daşınması layihələri də birlikdə icra edilir. Azərbaycan və Qazaxıstan müttəfiqdir və strateji əməkdaşlıq var. Sonuncu səfər zamanı əldə olunmuş razılıq, həmçinin imzalanmış sənədlərə nəzər yetirsək, görərik ki, tezliklə Ali Şuranın yaradılması və birlikdə əməkdaşlığın və müttəfiqliyin daha da irəli aparılması, addımlar atılması üçün çox önəmli işlər görüləcəkdir. Bu günə qədərki hökumətlərarası komissiyaların fəaliyyətini də nəzərə yetirsək, görərik ki, hər il münasibətlərimiz daha da irəli gedir və Azərbaycan və Qazaxıstan qardaş, dost kimi dünya tərəfindən tanınmaqdadır. Prezident İlham Əliyevin Qazaxıstana səfəri çox uğurlu bir səfəri oldu və bu səfər nəticəsində münasibətlərimiz daha da inkişaf edəcəkdir. Azərbaycan və Qazaxıstan xalqları daima birlikdə irəliyə doğru addımlayacaqdır”, - deyə N.Həmzəyev bildirdi.

Arzu İSMAYIL