"Həmişə olduğu kimi, qardaşlar yenə də bir yerdədirlər"

 15:36 11.04.2023     561

"Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri, keçirilən danışıqlar, imzalanan sənədlər və Prezident Kasım-Jomart Tokayevlə mətbuata bəyanatları iki ölkənin regional və beynəlxalq problemlərə ortaq yanaşdığını, münasibətlərin açıq və hərtərəfli xarakter daşıdığını, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinə dair qəti siyasi iradəni göstərdi. Səfər qarşılıqlı münasibətlərin maddi və milli-mənəvi təməllərinin möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə yadda qaldı. Ən mühüm nəticə Ali Dövlətlərarası Şuranın təsis edilməsidir. Vacib olan məsələlərdən biri Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə - Orta Dəhlizə üçüncü ölkələri cəlb etmək barədə ümumi razılığın əldə edilməsidir. Bu, yüklərin çatdırılmasında sabitliyi və operativliyi təmin etməyə imkan verəcəkdir".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı prezidentin Qazaxıstan səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hər iki millətin gələcəyi olan gənclərin əməkdaşlığı, təhsil sahəsində əlaqələrin inkişafı üçün nazirliklərə konkret göstərişlər verilməsi əhəmiyyətlidir:

"Media sahəsində sazişin imzalanması informasiya siyasətində bərabər addımlamağa perspektivlər açır. Azərbaycanda Qazaxıstan, Qazaxıstanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili, Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirilməsi və digər toplantılar münasibətləri daha da möhkəmləndirəcək. Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanması məsələsinə Qazaxıstanın münasibətinin bir daha bəyan edilməsi əhəmiyyətli idi. Qardaş ölkə Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi bağlanmasına dair səyləri bəyənirdi. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü o deməkdir ki, qardaş ölkə dirçəliş işlərinə qoşulur. Həmişə olduğu kimi, qardaşlar yenə də bir yerdədirlər".

Həmidə İbrahimli