"Ərdoğan Türkiyəni dünya dövlətlərindən birinə çevirdi" - Məlahət İbrahimqızı

 18:00 11.04.2023     661

Məlum olduğu kimi, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Artıq prezidentliyə namizədlər məlumdur. Belə ki, onların adları əlifba sırası ilə - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb.

Bəs, maraqlıdır bu dəfəki seçkilərdə prezident kim seçilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, birmənalı olaraq hər kəs həm Azərbaycanda, həm türk dünyasında, həm İslam aləmində qardaş Türkiyə Cümhuriyyətinin prezidentinin Rəcəb Tayyib Ərdoğan olmasını istəyir.

Həmsöhbətimiz dedi ki, o da Ərdoğanın yenidən Türkiyə prezidenti olmasının tərəfdarıdır:

"Mən də təbii ki, onlardan biri kimi çox böyük arzusundayam və istəyərdik ki, qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçilsin. Əlbəttə, prezident Rəcəb Tayyib Ərdoğan seçiləcəkdir. Mən heç şübhə etmirəm. Rəcəb Tayyib Ərdoğanın seçilməsi üçün də kifayət qədər baza var. Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə hakimiyyətə gəlib. 2002-ci ildən bu günə qədər Türkiyəni dünya dövlətlərindən birinə çevirdi. Bütün sahələrdə çox böyük nailiyyətlər əldə olunub. Türkiyə 2000-ci illərə qədər kənd təsərrüfatı dövləti kimi tanınırdı. Bölgədə, elə Orta Doğuda tanınan ölkələrdən idi. Amma bu gün Türkiyə dünya gündəmini dəyişdirən, beynəlxalq təşkilatların gündəmini dəyişən dünya siyasətinin ən mühüm oyunçularından biridir. G20-nin üzvüdür. Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin hərbi sənayesi, hərbi müdafiə sənayesi 87 faiz xaricdən asılı idi. Türkiyə kimi qocaman bir NATO ölkəsi öz hərbi müdafiə sənayesində lazım olan məhsulların 87 faizni xaricdən alırdı".

Millət vəkili onu da qeyd etdi ki, bu gün Türkiyə demək olar ki, hərbi sənayenin yüzdə doxsanını özü istehsal edir.

"Səhv etmirəmsə, dünyada 10 ölkənin dənizdə PUA gəmisi var. Onlardan birinin açılışı Türkiyədə oldu. Türkiyənin istifadəyə verdiyi inventara daxil olduğu PUA gəmisi o biri ölkələrdən daha modern, yüksək texnologiyalara malik səviyyədə istehsal olunub. Yəni əgər bugünkü çətin dünyada, münaqişələrin, böhranların artdığı dünyada Türkiyə öz müdafiə sənayesini bu səviyyədə yüzdə doxsan faizə qaldırıbsa, bu, Türkiyənin gücü deməkdir. Digər sahələrdə də, istər təhsil sahəsi olsun, istər səhiyyə sahəsi olsun, bütün sahələrdə Türkiyə çox böyük nailiyyətlər əldə edib. Amma təəssüf, biz bilirik ki, Türkiyənin bu inkişafını, güclənməsini, bu dünyada parıldayan ulduz olmasını istəməyən qüvvələr var. Onu hər kəs bilir, kimlərdir, o da bəllidir. Uzun illərdir Türkiyədə Türkiyənin inkişafının qabağını almaq üçün hər cür - “15 Temmuz” hadisəsindən tutmuş, iqtisadi sahədə inflyasiya, türk lirəsinin dəyərsizləşdirilməsi kimi süni problemlər yaradıblar ki, Ərdoğanı hakimiyyətdən devirsinlər. Hesab edirəm ki, buna nail olmayıblar. Bundan sonra da nail ola bilməyəcəklər. Çünki həqiqətən də Ərdoğanın çox böyük xidmətləri var və xalq da hesab edirəm ki, bu xidmətə dəyər verəcəkdir" -  deyə M.İbrahimqızı bildirdi.

Həmidə İbrahimli