"Ermənistan İran tərəfindən alət kimi istifadə olunur" - Deputat sərhəddəki insidentdən DANIŞDI

 13:48 12.04.2023     412

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub.

Sərhəddə baş verənlərlə bağlı Redaktor.az-a danışan deputat Elman Məmmədovun fikrincə, bu, ermənilər tərəfindən hazırlanmış təxribatdı.

“Bunu erməni mətbuat oranlarının yazılarında, saytlarında oxuyarkən də görmək olurdu ki, hazırlıq gedirdi. Hadisə saat 16:00 radələrində baş verib, ancaq ondan neçə saat qabaq Ermənistanın Baş naziri Nikol Paşinyan dəstəsi ilə Müdafiə Nazirliyində gedib oturub. Neçə gün idi ki, o əraziyə hərbi texnika, hərbi kontinent yığılırdı, hazırlıqlar görülürdü. Bu, planlaşdırılmış təxribatdır” - deyən parlamentarinin sözlərinə görə, Ermənistanın məqsədi sülh danışıqlarını pozmaq və havadarlarının köməyi nəyəsə nail olmaqdır:

“Ancaq bunların hamsı ermənilərin xəstə təxəyyülünün, xəyallarının məhsuludu, həyata keçməyən arzularıdı”.

Deputat şəhidlərimizə rəhmət diləyərək bildirdi ki, düşmən tərəf də kifayət qədər itki verib, cavablarını alıb, postlarını qoyub qaçıblar.

“Burada Ermənistan yenə alət kimi istifadə olunur. İran və başqa dövlətlər tərəfindən. Cənubi Qafqazda nüfuz dairəsini gücləndirmək uğrunda müəyyən güc mərkəzləri arasında mübarizə gedir. Bura Rusiya, İran, Amerika, ümumiyyətlə Qərb daxildir və alət kimi istifadə olunan Ermənistandır. Bunlar tarixən də istifadə olunublar, bu gün də həmin roldadırlar. Azərbaycan Ordusu bütün təxribatlara cavab vermək gücündədir. Dünən bu, bir daha sübut olundu. Ermənilərin ağılları başına gəlməsə, bu hərəkətlərdən əl çəkməsələr yəqin ki, gələcəkdə Ermənistan dövlətinin mövcudluğu məsələsi sual altında qalar. Mənə elə gəlir ki, ermənilər bu yoldan çəkilsələr öz xeyirlərinə yaxşı olar. Bu, onlar üçün gələcəyi qaranlıq görünən, faciəyə aparan yoldur”, - deyə Elman Məmmədov yekunlaşdırdı.

Arzu İSMAYIL