"Sərhəddə atılan atəş Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək" - Zahid Orucdan AÇIQLAMA

 16:38 13.04.2023     939

Məlum olduğu kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində Azərbaycanın Laçın rayonu ilə sərhəddə təxribat törədiblər. Nəticədə ordumuzun üç hərbi qulluqçusu şəhid olub, dörd nəfər isə yaralanıb. 

Bəs, ermənilərin bu təxribatı törətməkdə məqsədi nə idi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, öncə hadisənin hansı coğrafi məkanda, necə bir hərbi şəraitdə baş verdiyinə diqqəti çəkməyə çalışmaq lazımdır. Millət vəkilinin sözlərinə görə, məsələ ilk növbədə ondan ibarətdir ki, bir sıra informasiya vasitələrində hadisəni Xankəndi, bir az da ümumiləşdirərək onu Qarabağ ətrafı bir proses kimi təqdim etmək niyyətləri var:

"Bu, çox yanlışdır. Xatırlayırsınız, ötən il 12-14 sentyabrda Ermənistan-Azərbaycan şərti sərhədində daha böyük toqquşmalar baş vermişdi. İtkilər də miqyasca qat-qat böyük idi. Çünki Azərbaycan konkret olaraq Kəlbəcər ərazisi boyunca, xüsusilə də Göyçə dağlarından ərazimizə edilən hərbi təhlükələri bloklamağa çalışmışdı. Əməliyyat o qədər yüksək və peşəkarlıqla həyata keçirilmişdi ki, orada tankların, topların, digər texnoloji vasitələrin işləmədiyi şəraitdə Azərbaycan bütün arzu etdiyi hələ ki, tam dəqiqləşməmiş əraziləri, yəni konkret olaraq onların üzərində şəhidlərimizin qanı ilə belə demək mümkünsə, sərhəd çəkmişdi. İndiki situasiyada Ermənistanın Tex, Azərbaycanın Dığ kəndi adlandırdığı ərazidən açılmış atəşə verilmiş cavab reaksiyalarıdır. Əlbəttə ki, erməni tərəfi dərhal Laçın hissəsi boyunca gəlib müxtəlif hərbi punktlar qurmağa çalışan qüvvələrin video yayımını təqdim edir. Onlar göstərməyə çalışırlar ki, hətta Azərbaycanın Ermənistan ərazilərinə hücumudur, bilavasitə onların Sünik, Azərbaycanın Zəngəzur adlandırdığı mövqelər boyunca biz möhkəmlənməyə çalışmışıq. Ancaq təqdim edilən səhnələr onu sübut eləmir. Orada bir neçə Azərbaycan hərbçisinin ekskavatorlarla, müxtəlif tranşeyalar və mövqelər qurmağa çalışan qüvvələrə yaxınlaşdığı görünür, sonradan proseslər, yəni danışıqların alınmadığı görünür və atışmanın başlandığı nümayiş etdirilir. Şübhəsiz ki, bu vəziyyətdə bizim şəhidlərimiz olub. Lakin qarşı tərəf daha ciddi itkilər verib və onların versiyasına görə, bundan sonra Azərbaycanın Laçın ərazisi boyunca yerləşmiş, yəni daha nizami ordu birləşmələri prosesə müdaxilə ediblər və erməni tərəfinə ciddi zərbə vurublar. Lakin artıq günün sonuna doğru, yəni axşam vaxtlarında və gecə saatlarında da sakitlik təmin olunub, atəşkəs hökm sürüb, hər hansı bir əməliyyat xarakterli hadisələr reallaşmayıb. Lakin nəticə etibarilə ermənilərin həmin mövqedə möhkəmlənməsi və Azərbaycana təhlükə törədə biləcək situasiya meydana çıxmayıb. Buradan apara biləcəyimiz təhlillər yetərincə çoxdur. İki həftə öncə Azərbaycan ordu birləşmələri həm Şuşa rayonunun iki kəndinə nəzarəti həyata keçirməklə, ardınca Xəlfəli-Turşsu yolu ki, bilavasitə Xankəndi Laçın yoluna alternativ olaraq ermənilər tərəfindən Ermənistanla əlaqələr təmin olunurdu, Azərbaycan ordusunun tam nəzarəti orada gerçəkləşdi. Digər tərəfdən Laçın hissəsində də Zabux və Sus ərazisi boyunca yenə də ordu birləşmələrimizin əməliyyatları reallaşdı. Və qarşı tərəfin reaksiyası bundan ibarət idi ki, onların arzu etdiyi beş kilometr təhlükəsizlik zolağı, hansı ki, istinad etdikləri sənəd 2020-ci ilin 10 noyabr razılaşmasıdır, onların iddiasına görə, bu, artıq pozulmuş oldu. Əlbəttə ki, biz hadisənin həmin o məkan boyunca qiymətləndirməni apara bilərik. Lakin hələ ki, faktları sadalayırıq".

Komitə sədrinin fikrincə, bu fonda hal-hazırda şərti sərhəddə baş verən toqquşmanın ilk növbədə səbəbi 90-cı illər işğalına bağlıdır.

"Daha sadə şəkildə desək, ermənilər o dövrdə ələ keçirilmiş böyük ərazilərdə nəinki Azərbaycan torpaqları üzərində təcavüzkarlıq həyata keçirmişdilər, o cümlədən sərhəd tanımamışdılar. Yəni 600 kilometr xətt boyunca belə demək mümkündürsə, Kəlbəcərdən Zəngilana qədər onlar işğal nəticəsində nəzarət edirdilər. Orada sovet dövründə mövcud olan sərhədləri belə ortaya hansısa bir ayrıca xəttlər, dikanlı məftillər və sair üzrə qoymamışdılar. İndiki şəraitdə Azərbaycanla ötən dəfə elə həmin o Laçın hissəsi boyunca, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da söylədiyi kimi danışıqlar aparıldı. Həmin mövqelərdə məhz sərhədsizlik hökm sürür və bu da işğalın mirasıdır. Əgər Azərbaycan tərəfinin, cənab prezidentin irəli sürdüyü sülh gündəliyi gerçəkləşmiş olsaydı, bu dəqiqə baş nazirin müavinləri çərçivəsində yaradılmış delimitasiya, demarkasiya komissiyası işləməli idi və müxtəlif, hətta mübahisə doğurmayan hissələr boyunca məsələlər konsensusa, bir kompromisə gəlib qurtarmışdı. Təəssüflər olsun ki, həmin o deyilən 12 kilometrlik xətt boyunca, hansı ki, ermənilər iddia edirlər ki, biz orada sərhəd buraxılış məntəqəsi düzəltmək istəyirik və o məkanda, dislokasiyada, koordinasiya sistemində ermənilər müəyyən hərbi mövqe qurmağa çalışırlar ki, Azərbaycan tərəfi bunu özünün təhlükəsizliyinə zərbə sayır, digər tərəfdən oradakı sərhədləri ki, gətirib Azərbaycan ərazilərinə çıxarmışdılar, indi bütün bunları GPS qurğuları vasitəsilə dəqiqləşdirildiyində, Azərbaycan Ordusu xalqımızın, dövlətimizin milli maraqlarını həyata keçirərək bilavasitə ermənilərə sözün elə bütün mənalarında sərhəddi göstərir. Ona görə də birinci nəticə bundan ibarətdir ki, məsələ bilavasitə Vətən müharibəsində qələbədən sonra Azərbaycanın təklif etdiyi mexanizmlərin reallaşmaması, indiki şəraitdə isə cənab prezidentin qeyd etdiyi kimi, həm Tacikistanda, həm də Qazaxıstanda son olaraq bir daha vurğulandı ki, sülh danışıqlarında yeni fazada bizim irəliyə sürdüyümüz fərqli təkliflər də var. Erməni tərəfi də buna reaksiyanın hazır olacağını açıq mətnlə Paşinyanın dilindən söyləyibdir. Amma proses ləng gedir. Belə olan şəraitdə bu cür lokal toqquşmalar qaçılmaz olur. Məsələnin mahiyyəti birinci bundan ibarətdir. Yəni daha sadə, yekun mövqeyə gəlsək, toqquşmalar Qarabağ və Xankəndi məkanından çox-çox kənardadır. Ona görə ki, Azərbaycan Ermənistanla Xankəndinin separatçı yollarını, əlaqələrini demək olar ki, bloklayıb. Legitim, əsaslı Azərbaycanın özünün yol verdiyi həmin o 30 kilometrdən artıq bilavasitə Laçın dəhlizinə alternativ olaraq çəkilmiş hissədən gediş qalıbdı. Buyursunlar onu həyata keçirsinlər" - deyə deputat bildirdi.

Zahid Oruc onu da vurğuladı ki, Azərbaycan Konstitusiyasını, qanunlarını tanıyan hər hansı erməni, hansı ki, müharibələrdə Azərbaycan xalqına qarşı cinayət törətməyibsə və bu separatizmdə iştirak etmirlərsə, bu halda həmin şəxslər nəinki Laçın-Xankəndi yolundan gəlib, lap elə Zəngilan tərəfdən də keçib Ermənistana gedə bilər:

"O yerdən ki, orada buraxılış məntəqəsi olsun, Azərbaycanın konkret həmin nəzarət sistemindən yoxlanaraq keçsin və əgər bir gömrük prosedurları varsa, onlar reallaşdırsın. Ermənistan bu kommunikasiyaların açılmasına getmədi. Belə şəraitdə Paşinyanın "koçaryanlaşması", "sarkisyanlaşması" baş verir. Yəni proses daha da sərt bir müstəviyə qayıdır. Halbuki artıq məntiqlə proses müəyyən bir dinc məcraya da gəlməli idi. Birinci vacib məsələ bunu vurğulamaq istəyirəm.

İkincisi, ən başlıca məsələ həmin ərazilərdə Ermənistan tərəfinin əhalinin məskunlaşdığı şəraitdə Azərbaycanın hələ ki, qayıdış reallaşmadığına görə yalnız hərbi qüvvələrimizin olmasıdır. Nə deməkdir bu söz? Mən istərdim ki, qoyduğumuz suala elə vaxtilə Azərbaycan ərazilərinin ələ keçirilməsində mənfur rol oynayan Seyran Ohanyanın dili ilə cavab verək. Adam uzun illər müdafiə naziri olub. Müxtəlif məxfi sənədlərə həmişə çıxışı vardı və o, bir hesablamanı təqdim etdi. Təəssüflər olsun ki, mediamız həmin məsələyə çox da diqqət eləmədi. Təxminən iki ay bundan öncə onun belə bir açıqlaması vardı ki, Ermənistan-Azərbaycan sərhədi boyunca xüsusilə də artıq işğaldan sonrakı dövrdə yüzlərlə yaşayış məntəqəsində əgər hərbi baxımdan təhlükələr yaranan vaxtı X nöqtəsinə çatma ehtimalında, onların imkanları bizdən qat-qat yuxarı olub. Yəni, əhali yaşayıb və tutaq ki, Zəngilan xətti boyunca onların mülki insanları da hansısa səngərə daxil ola, Azərbaycana qarşı əməliyyatlarda iştirak edə bilərdi və sair. O özü bu məsələdən hakimiyyət orqanlarına ittihamını yağdırır ki, necə ola bilər ki, bu ərazilərdə Azərbaycan əhalisi yaşamadığı şəraitdə mülki erməni cəmiyyətinin orduya dəstək vermədiyi üzə çıxır, panikada olduğu aydınlaşır. İndi srağagün açılmış atəş  Azərbaycan tərəfinin rəsmi bəyan etdiyi üç şəhid, Ermənistan tərəfinin 4 şəhidi və 6 yaralısı fonunda həmin Zəngəzur və Basarkeçər rayonunun bilavasitə qovuşduğu hissədir. Orada yaşayan əhalinin də panikası, qorxuları, təsərrüfatdan uzaqlaşmaları, onların eyni zamanda maldarlıq və digər işlərinə ziyan gəldiyini də onlar qabartmağa başlayıblar. İkinci, məsələ bundan ibarətdir.

Üçüncüsü, Vaşinqtonda danışıqlar məsələsi gündəmə gəlib. Qərb platforması müəyyən qədər Fransanın günahı ucbatından zəifləmişdi. Danışıqlar prosesi hər iki cinahda dalana dirənmişdi. Artıq may ayında bunun gerçəkləşəcəyi elan olunur. Bu isə o deməkdir ki, sülh danışıqları məsələsində də çox ciddi geopolitik rəqabət və qarşıdurma var. Beynəlxalq proseslər bura təsir edir.

Dördüncü ən önəmli yekun məsələ onu demək istəyirəm ki, biz burada ən başlıca nəticələri çıxararkən  Azərbaycan cəmiyyətində ordu, təhlükəsizlik, vətən, sərhədlər məsələsində vahidlik, birlik, bütövlük olduğunu deyirik. Amma qarşı tərəf, xüsusilə də artıq aprel ayı onlar üçün həmin 5 il əvvəlki küçə və meydanlarda başlayan inqilabi proseslərin ildönümləridir. Çoxlu sayda qüvvələr Paşinyan əleyhinə ciddi ittihamlar yağdırırlar. Bu isə parçalanma deməkdir. Mən düşünürəm ki, belə şəraitdə, yəni Azərbaycan öz mövqelərini güclü bir formada quruduğu şəraitdə, onlar deyirlər ki, Laçın ərazisi verilməsəydi, onlar Zabuxdan, Susdan, çıxmasaydılar, o cümlədən həmin o Turşsu-Xəlfəli yoluna nəzarəti əldən verməsəydilər, Ermənistan prosesə müdaxilə etsəydi və sair çoxlu məsələlər ki, qaldırırlar, bir daha biz deyirik ki, Ermənistan və Qarabağ arasında separatçı əlaqələr - fərq etməz o, iqtisadi xarakterlidir, logistikdir, yoxsa sülhtranzit məna daşıyır - onlar kəsildikcə, bloklandıqca, zərərsizləşdirdikcə Xankəndidə yaşayan ermənilərin tək bir alternativi qalır: Konstitusiyanı və qanunları tanımaq! Əgər onlardan hər hansı biri Ermənistana getmək və yaxud da ki, oradan nəsə gətirmək istəyirsə, bunu da qanunlar çərçivəsində gerçəkləşdirə bilər".

Millət vəkili qeyd etdi ki, aprelin 11-dəki toqquşmada verdiyimiz itkilər heç şübhəsiz ki, hər birimizi ağrıdır.

"Biz fərqindəyik ki, bu, 44 gündə aparılan müharibənin bir başqa səviyyədə, bir ayrı miqyasda davamıdır. Nə qədər ki, bizim bütövlükdə sərhədlərin tanınması, kommunikasiyaların açılması, Ermənistan Azərbaycanın bütövlüyünə hörmət etdiyini, qanun və beynəlxalq sənədlər çərçivəsində imzalanması reallaşmayıb, təəssüflər olsun ki, bax belə hadisələr də qaçılmaz olacaqdır. Lakin bu itkilərin Ermənistana vurduğu zərbələr daha böyükdür. Ona görə də cəmiyyətimiz bunun fərqində olmalıdır ki, srağagün verdiyimiz şəhidlər elə həmin Laçında, o yolda nəzarət-buraxılış məntəqələrinin qurulması gələcəkdə orada böyük qayıdışdan sonra yaşayacaq insanların təhlükəsizliyinin təminatı üçündür. Üç il, beş il sonra kimsə durub deyəndə ki, "nə üçün siz o vaxtı bu işləri görməmisiniz", bax, "nə üçünlərin" qarşısını almaq üçün srağagün bizim qəhrəman oğullarımız kiçik bir tərkibdə ölkəmiz əleyhinə təhdid yaradan qüvvələrə xəbərdarlıq ediblər. Ardınca baş vermiş lokal toqquşmadan sonra onlara güc göstərilibdir, situasiya dediyimiz kimi, artıq normallaşıb və əminəm ki, bunun nəticəsində o mesajlar erməni tərəfindən də qəbul olunubdur. Hər bir halda bu kontekstdə ölkə rəhbərinin həm Tacikistan, həm Qazaxıstana səfərini, ümumilikdə qiymətləndirsək, Orta Dəhliz strategiyasının Çinin bir kəmər, bir yol kursuna, planlarına, hədəflərinə çox uyğun olduğunu da göz önünə alsaq, srağagün Zəngəzurda atılan atəş - baxmayaraq ki, Zəngilan ərazisinə doğru bir qədər fərqli hissələrdir - həmin yolun açılmasını da sürətləndirəcək", - deyə Zahid Oruc vurğuladı.

Həmidə İbrahimli