Ermənistanın Laçınla sərhəddəki təxribatında İranın əli var? - AÇIQLAMA

 12:48 13.04.2023     437

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Bundan başqa 4 hərbçimiz yaralanıb.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə isə bu təxribatda İranın da izi olduğu deyilir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, İranın izi ilə bağlı müəyyən məlumatlar yayılır.

Onun sözlərinə görə, bu daha çox PUA-larla bağlı məsələdir:

"Yəni Ermənistana PUA-ları İran verib. Müharibədən sonra Ermənistan hərbi arsenalının bərpasında İran müəyyən rol oynayır. Və aprelin 11-də Ermənistanın həmin ərazidə PUA qaldırılması istər-istəməz diqqəti yönəltdi. O cümlədən İran tərəfindən hərbi kəşfiyyat PUA-larını Azərbaycanla sərhədə qaldırılması haqqında informasiyalar bu yöndə diqqət çəkir. Böyük ehtimalla İranın məqsədi burada Azərbaycan ordusunun addımları ilə kəşfiyyat məlumatları toplayıb Ermənistana ötürməkdir. Bunu 44 günlük müharibədə də etmişdilər. Yəni belə bir təcrübə də var. Bu, İranın hərbi baxımdan srağagünkü toqquşmadakı iştirakına dair ipucları hesab etmək olar. Burada həm də siyasi məsələ var. Belə təxribatın olması, yəni sərhəddə təxribatın davamlı şəkildə hərbi eskalasiya səviyyəsinə çıxarılmasında Ermənistanın əsas məqsədi var. Siyasi baxımdan nədir? Xüsusən onlar çalışırlar ki, yeni hərbi eskalasiya ilə üçtərəfli razılaşmaları arxa plana keçirsinlər. Bu gün həm Qərb masasında, həm Rusiya masasında aparılan danışıqlar, Qərblə Rusiya nə qədər bir-birinə zidd olsa belə, hər iki masada olan gündəlik böyük ölçüdə Azərbaycanın gündəliyi ilə uyğundur. Hər iki masada hər hansı bir irəliləyiş olarsa, bu, Azərbaycanın xeyrinədir. Bu həm də belə demək mümkündürsə, İranın bölgədən kənarlaşmasına gətirib çıxara bilər ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedəcək. İran bunu istəmir və burada Ermənistanla İranın maraqları uzlaşır. Hansı formada? Çünki yeni bir hərbi eskalasiya ona gətirib çıxaracaq ki, Ermənistan indiyə qədər həm Qərb masasında, həm Rusiya masasında üzərinə götürdüyü öhdəliklərdən yayınacaq. Yəni öhdəliklərin icrasını arxa plana keçirəcək və yaxud da bunları yerinə yetirməklə bağlı ən azı vaxt qazanacaq".

Politoloqun fikrincə, digər tərəfdən belə görünür ki, ortada 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb.

"Məhz bu reallıqları dəyişdirib danışıqlar masasında yeni şərtlərlə əyləşmək istəyirlər. Bu da dediyim kimi, Ermənistanın marağındadır. Amma burada İranın da marağı odur ki, yeni şərtlərin formalaşmasında özü bu prosesdə hansısa formada iştirakçılıq qazansın. Əslində əvvəldən çalışır ki, Azərbaycan-Ermənistan münasibətləri fonunda Qafqazda hansısa formada iştirak etsin. Belə bir hərbi təxribatlarından sonra bu cür hərbi eskalasiyada məqsəd bu ola bilər. Digər tərəfdən isə İranın əsas məqsədi budur ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını uzatmaq, o cümlədən sərhədin delimitasiyasının qarşısını almaqla yanaşı, həm də Ermənistanda Rusiyanın boşalan, zəifləyən rolunu müəyyən qədər ələ keçirməkdir. Tam onu əvəzləməsə belə, Ermənistanın təhlükəsizliyində hansısa formada iştirak etməkdir. Bu da bölgədə qalmağa hesablanmış addımdır. Çünki belə bir təxribat Rusiyanı, həm də KTMT-ni fakt qarşısında qoyur. KTMT və Rusiya bu məsələdə sərhəd olduğu üçün tərəf göstərməlidirlər. Amma indiyə qədərki baş verən proseslərdən də nə Rusiya, nə də KTMT bu məsələdə tərəf olmaq istəmirlər. İstisna deyil ki, bu cür təxribatlarla Rusiyanı və KTMT-ni fakt qarşısında qoyur, həm də Ermənistan bildirir ki, artıq bizim təhlükəsizliyimizi qoruya biləcək təşkilatlar və yaxud da müttəfiqlərimiz bu rolu yerinə yetirə bilmədiyi üçün əlavə ölkələrə, digər iştirakçılara ehtiyac var. Mənim üçün bu iştirakçılardan biri Avropa İttifaqı missiyası adı altında gələn Fransa üzərinə götürürsə, digər iştirakçı ölkə İran ola bilər. İranın marağı burada budur və təbii ki, hər kəsin dediyi kimi, son 3 gündə haqlı olaraq bu ən çox müzakirə olunur. Ermənistan Təhlükəsizlik Şurasının katibinin Tehrana səfəri, orada iranlı həmkarların görüşündən sonra bu hücumun olması, o kontekstdə təbii ki, diqqətçəkən məqamdır və oxları bir növ İrana yönəldir. Ermənistan və İranın bu təxribatda birgə planı olduğu ehtimalını gücləndirir" - deyə Asif Nərimanlı bildirdi.

Həmidə İbrahimli