"Minsk qrupunun işi dondurulub" - ATƏT sədri

 13:03 13.04.2023     285

Minsk qrupunun işi hazırda dondurulub, lakin bu format hələ də lazım ola bilər.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, ATƏT Minsk Qrupunu dəstəkləyir. Təşkilat bəzi tərəflərin öz işi ilə bağlı fərqli fikirləri, eləcə də dəyişmiş geosiyasi şərait, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə işin olmamasından xəbərdardır.

"Minsk qrupunun işi hazırda dondurulub. Amma mən istisna etmirəm ki, uyğun şərtlər yaranarsa, Minsk formatının rolu yenidən artacaq. ATƏT təkcə Minsk Qrupu deyil, Təşkilatın ermənilər və azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən mexanizmləri, bir çox başqa alətləri var və s.”, -  deyə ATƏT sədri bildirib.

Osmaninin qeyd edib ki, o, bölgəyə məhz bu prosesi asanlaşdırmaq, sabit nizamlanmaya nail olmaq üçün gəlib.

Xatırladaq ki, aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin İrəvana işgüzar səfəri başlayıb. O, İrəvana gəlməzdən  Azərbaycana səfər edib və burada ölkənin ali rəhbərliyi ilə görüşlər keçirib.

Turan İSMAYIL