"Ermənilərin aprelin 11-dəki təxribatlarının heyfi hələ tam çıxılmayıb" - Deputat

 11:26 14.04.2023     856

"Əsir götürülən əsgərimizə edilən vəhşiliklərə bəlli beynəlxalq qurumların, Fransa başda olmaqla əksər Qərb dövlətlərinin reaksiyaları təbii ki, İranınkından fərqlənməyəcək.Yəni ya heç nə deyiləməyəcək, ya da dediklərindən bir şey anlaşılmayacaq. Azərbaycana gəldikdə, tam əminəm ki, biz bunu cavabsız qoymayacağıq. Cavab həm hüquq müstəvisində, həm də onların anladıqları və tam haqq etdikləri şəkildə veriləcək. Aprelin 11-dəki təxribatlarının da heyfi hələ tam çıxılmayıb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərinə qarşı zorakılıqla bağlı danışarkən bildirib.

"Fəqət biz düşmənin əsir düşən hərbçiləri ilə böyük və ləyaqətli bir millətin təmsilçiləri kimi əsla elə vəhşicəsinə davrana bilmərik. Döyüş tapşırığı yerinə yetirilərkən "zinvor"ları indiyədək olduğu kimi amansızlıqla məhv edilməli, əsir düşənlərlə isə beynəlxaq humanitar hüquq və Cenevrə konvensiyası çərçivəsində davranılmalıdır.

Anlayıram, bu yanaşma indiki halda feysbukda od püskürənlərin xoşuna gəlməyəcək, ancaq biz "like" üçün yox, dövlətimizin marağına nə uyğundursa, onu yazmalı, o cür hərəkət etməliyik", - deyə deputat qeyd edib.

Xatırladaq ki, mediada Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.

Turan İSMAYIL