"Rusiya özünün sülhməramlı kontingentini 2025-dən sonra da Qarabağda saxlamaq istəyir" - Deputat

 14:14 14.04.2023     429

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı və İrəvan Rusiyanın sülh danışıqları təklifinə razılıq verdiyini açıqlayıb.

Bəs Rusiyanın vasitəçiliyi süllh danışıqlarına hansı təsirlərini göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyd etdi ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhməramlı missiyanı yerinə yetirməsi üçün zaman-zaman cəhdləri olub. Lakin onun sözlərinə görə, bu cəhdlərin heç biri müsbət nəticə ilə nəticələnməyib:

“Rusiya hər zaman bu cəhdləri edir, amma, mənə elə gəlir ki, sülh üçün atdığı addımlar Azərbaycan və Ermənistanın maraqları üzərində yox, həm də Rusiyanın buradakı öz maraqları üçündür. Bu maraqlar ondan ibarətdir ki, Rusiyanın sülhməramlı missiyası Qarabağdan çıxarılmasın, Ermənistanla münasibətlərinə xələl gəlməsin və Azərbaycanla münasibətləri də normal olaraq qalsın”.

Deputat bildirdi ki, burada Azərbaycanın, Rusiyanın və Ermənistanın yanaşması arasında fərqlər var:

“Azərbaycan heç bir halda Qarabağda olan ermənilərin hər hansı bir şəkildə status almasına, yaxud başqa bir ad altında fəaliyyət göstərməsinə, yaşamasına icazə vermək fikrində deyil. Yeganə yol reinteqrasiyadır. Rusiya isə bu prosesi uzatmaq və özünün sülhməramlı missiyasını qorumaqla orada yenidən, 2025-ci ildən sonra qalmaq üçün də zəmin hazırlamaq istəyir. Bunun üçün də Qarabağ ermənilərindən istifadə edir. Onlara da Ruben Vardanyan havadarlıq edir. Ermənistan da, Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Qarabağ erməniləri ilə bağlı məsələni əsas şərt kimi qoyur, hərçənd ki, bu, Azərbaycanın daxili işidir. Ona görə də, belə bir halda Rusiyanın Azərbaycan və Ermənistan arasında bu missiyanı müsbət nəticə ilə axıra çatdıracağına şübhə ilə yanaşıram”.

Razi Nurullayev həmçinin əlavə etdi ki, Rusiya ilə Qərb arasında Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması uğrunda yarış gedir.

“Onlar bir-birini arxada qoyaraq “kim önə çıxacaq, kim bunu daha tez həll edəcək” yarışına giriblər. Bu da heç bir halda xeyirlə nəticələnmir. Vaşinqtonun planına Rusiya, Rusiyanın planına Qərb təzyiq göstərir. Hərçənd ki, tərəflər düzgün, səmimi yanaşsa, heç bu şəkildə də baş verməzdi. Amma istənilən halda Ermənistanın və Qarabağ ermənilərinin də qondarma dioloqunu nəzərə almalı olurlar və bu isə Azərbaycan tərəfindən qəbul olunmur. Bunların nəticə verəcəyinə inanmıram, sadəcə olaraq vaxt uzanır. Yenə də, bu məsələni həll etmək Azərbaycanın üzərinə düşür”-deyə o, fikrini yekunlaşdırdı.

Arzu İSMAYIL