Lavrovla Mirzoyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi
Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov aprelin 14-də Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan-Azərbaycan sərhədində və Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar".
Bildirilib ki, nazirlər aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi insidenti, eyni zamanda Laçın dəhlizinin bağlanmasından dolayı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər. "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinin blokadasına son qoyulmasının zəruriliyi vurğulanıb. Görüş zamanı xarici işlər nazirləri ikitərəfli gündəlikdəki məsələlərə də toxunublar", - Ermənistan XİN əlavə edib.
Turan İSMAYIL