"Paşinyanın səsləndirdiyi fikirlərlə əməlləri üst-üstə düşmür" - Deputat

 11:08 15.04.2023     488

"Nikol Paşinyan müxtəlif zamanlarda bir-birinə zidd olan açıqlamalar verir, lakin onların səsləndirdiyi fikirlərlə əməlləri üst-üstə düşmür".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı səsləndirdiyi "Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb" fikrinə münasibət bildirərkən dedi.

"Faktiki olaraq Paşinyan, ümumiyyətlə Ermənistan hakimiyyəti öz çirkin əməllərini, yanlış siyasətlərini ört basdır etməyə çalışır və beynəlxalq ictimaiyyətdə fərqli fikir formalaşdırmaq üçün bu cür açıqlamalar verirlər. Əgər Qarabağı sözdə yox, əməldə Azərbaycanın tərkib hissəsi kimi qəbul ediblərsə, onlar durub orda-burda status məsələsini qabartmamalıdır. Laçın yolunda keçirilən dinc aksiyanı və ya humanitar məqsədlərlə istifadə olunan bu yolu başqa məqsədlərlə istifadə etməməlidirlər. Torpaq yolla silah-sursat daşıyıb separatçıları həvəsləndirməməlidirlər" - deyə qeyd edən deputatın sözlərinə görə, Paşinyanın bu cür açıqlamaları beynəlxalq ictimaiyyətə hesablanmış bir açıqlamadı:

“Həmçinin onun açıqlamalarına nəzər yetirsək görərik ki, o,1991-ci ildən sonrakı dövrün xəritələrinə əsasən sərhədlərin müəyyənləşməsini istəyir. Bu isə faktiki olaraq bir tələdir. Çünki 1991-ci ilə qədər də həm Qazaxın, həm də Naxçıvanın kəndləri Ermənistan tərəfindən işğal olunub. Onlar bu yolla Azərbaycanı çətin bir vəziyyətə salmaq istəyir. Biz isə qətiyyən razılaşmırıq. Biz sovetlər qurulan dövrdə xəritə necə olubsa, 1920-ci ildəki, lap lazım gəlsə, ondan öncəki dövrlərdəki xəritələrdən istifadə edə bilərik. Sovetlər dövründə bir neçə dəfə bizim torpaqlarımız Ermənistana qatıldı. Ermənistan onsuz da tarixi Azərbaycan torpaqlarında formalaşıb. Bu baxımdan, Paşinyanın açıqlamalarına mən elə də çox ciddi yanaşmıram, yalnız o vaxt ciddi yanaşaram ki, nə vaxtsa sülh sazişi imzalansın və sözün əsl mənasında onlar səsləndirdikləri bu fikirlərə əməl etsinlər, təxribatları dayandırsınlar və azərbaycanlılarla səmimi sülhə addım atsınlar”.

Arzu İsmayıl