"Azərbaycan enerji və logistika qovşağına çevrilib" - Paşinyan

 14:00 18.04.2023     412

Cənubi Qafqaz regionunda sabitlik və sülh Qərblə Rusiya arasında konsensusa çevrilə bilər.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada çıxışında deyib.

“44 günlük müharibədən sonra Azərbaycan eyforiya içindədir və imkan daxilində hər şeyi əldə etməyi düşünür. Və onun qavrayışı əlavə olaraq beynəlxalq vəziyyət tərəfindən gücləndirilir. Faktiki olaraq Azərbaycan birbaşa və ya dolayısı ilə enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Amma bu vəziyyətdə həm risklər, həm də imkanlar var" - o, bildirib.

Risklərin hər gün göründüyünü deyən Paşinyan qeyd edib ki, Cənubi Qafqazın özü böyük yol ayrıcında olduğu üçün bunu ölkəsi üçün fürsət görür. Onun sözlərinə görə, burada Ermənistan və Gürcüstanın rolu heç də az deyil.

“Bu kontekstdə regional sabitlik və sülh Qərblə Rusiya arasında konsensusa çevrilə bilər. Çünki regionumuz yenidən partlasa, ən azı enerji baxımından bu, həm Rusiya, həm də Qərb üçün problemə çevrilə bilər, enerjidən irəli gələn digər nəticələr də ola bilər”, - Paşinyan yekunlaşdırıb.

Turan İSMAYIL