"Dilqəm və Şahbaza qurduqları məhkəməni əsgərlərimizə də qurmağa çalışacaqlar" - Deputat

 17:08 18.04.2023     858

Xəbər verdiyimiz kimi, Azərbaycan hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 10-da Naxçıvanda azaraq itkin düşüb. Onlardan biri  Sisianın (Ermənistanın Sünik rayonu) Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də  isə Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistanın Sünik rayonunda saxlanılıb. Saxlanılan hərbiçilərimizdən biri ermənilər tərəfindən işgəncələrə məruz qalıb. Hətta onun videosunu çəkərək sosial mediada ictimaləşdiriblər. Ermənistan Baş Prokurorluğunun dünən yaydığı məlumata görə isə, hərbiçilərimizə qarşı cinayət işi açılıb, həbs olunublar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalının sözlərinə görə, bu, hər birimizi narahat edən hadisədir.

“Erməni saxtakarlığını, hiyləgərliyini önə çəkərək demək istəyirəm ki, hava şəraitinin pis olmasından dolayı gənc əsgərlərimiz silahsız, xidmət borcunu yerinə yetirən zaman azaraq Ermənistanın ərazisinə keçib, orada bir neçə gün qalıblar. Geri qayıtmaq imkanları olmadığına və ac-susuz olduqlarına görə yaşayış məntəqələrinə qədər gedib çatıblar, ola bilsin, hətta belə düşünüblər ki, bura Azərbaycanın ərazisidi. Ona görə də yaşayış məntəqəsinə gedərək qidalanmaq üçün xahiş etmək istəyiblər və bəlli olub ki, bura Ermənistan ərazisidi. Və onlar dərhal həbs olunaraq rayon mərkəzinə gətirilib" - deyən deputat hərbiçilərimzə edilən vəhşiliklərdən danışarkən qeyd etdi ki, rayon mərkəzində rəsmi qurumların önündə adi vətəndaşlar əlləri, qolları, ayaqları bağlanılan və asfalt üzərinə uzadılan əsgərimizə qarşı insani keyfiyyətlərdən kənar vandal, vəhşi hərəkətlər tətbiq ediblər:

"Həm də onlara verilən əzabların videosunu çəkib ictimailəşdiriblər. Görün nə qədər zəhərlənmiş, əzazil insani davranışları öz həyatlarında, düşüncələrində yaşadan və bunu tətbiq edən bir etnosdu. Onlar haqqında Ermənistanda qondarma bir cinayət işi açılıb. Guya onlar Ermənistanda kəşfiyyat işi aparmağa gəliblər. Mənası və əsası olmayan saxta cinayət işi açıblar”.

Fəzail Ağamalı ermənilərin əsgərlərimizə qarşı cinayət işini açmaqda məqsəd və niyyətlərindən danışdı:

“Yəqin ki, bu cinayət işini necə ki, vaxtilə öz ata-baba torpağına gedən Dilqəm və Şahbazın ətrafında bir teatr yaratdılar, saxta məhkəmə qurdular, bunların ətrafında da elə bir məhkəmə qurmağa çalışacaqlar. Niyyət budur. Məqsədləri isə, onları daha ağır maddələrlə haqqlarında hökm çıxarmaq və eyni zamanda Azərbaycanda vaxtilə 44 günlük müharibədən sonra qanunsuz şəkildə Azərbaycan ərazisinə keçən və terror törətmək məqsədi olan erməniləri onlarla dəyişməkdir. Belə bir yaramaz, heç cür başa düşməyən, hərəkət və davranışları barbar olan bir etnosla biz qonşuyuq”.

Yeri gəlmişkən, Fəzail Ağamalı ötən günlərdə Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyənin dövlət bayraqlarına qarşı təhqiramiz hərəkətlərə də öz münasibətini bildirdi:

“İdman yarışlarında Azərbaycan bayrağının yandırmağa qədər addım atdılar. Daha sonra Azərbaycan və Türkiyə bayrağını ortadan cıraraq bu şəkildə orda təqdim etdilər. Beynəlxalq aləm də susur, sanki qulaqları kardır, gözləri kordur, lazımlı addımlar atılmır. Ermənistana qarşı sansksiyalar tətbiq edilmədiyi üçün o da qudurur. Artıq beynəlxalq təşkilatların, ayrı-ayrı mərkəzlərinin onlara qarşı bu cür yumşaq rəftarı onları arxayınlaşdırır və daha qəbul edilməyən, vəhşi addımlar atmağa şövq edir”.

Deputat bildirdi ki, Azərbaycan öz iradəsini ortaya qoyub və bu iradə nəticəsində ölkəmiz ermənilərin həm əsgərlərimizlə bağlı, həm də bayrağımıza həqarətlə bağlı beynəlxalq səviyyədə ifşa olunmasında nə mümkündüsə edəcək.

“Bu prosses artıq başlayıb. Ancaq unutmalı deyilik ki, ermənilər budur. Onlar düzələn deyil. Bu etnos özünü güclü hiss edəndə və toplum halında olanda çox aqressiv olur. Azərbaycan və türk soyuna qarşı təsəvvür olunmaz vəhşilikləri etməyə qadirdilər və bunu edirlər. Tək, gücsüz, zəif olanda bizim qarşımızda, yaxud istənilən insanın qarşısında, kölə, qul davranışları ilə özlərini ifadə edirlər. Ona görə də, biz cəmiyyət, xalq olaraq dövlətimizlə bərabər olub gücümüzün üstünə güc gətirməliyik və ermənilərin bu vəhşiliklərinin müdafiə edib ona göz yumanlar da bizim gücümüzdən nəticə çıxarmalıdı. Onlara qarşı heç bir güzəşt etməli deyilik, onlara qarşı daha ciddi şəkildə və prinsipal olaraq sona qədər öz mübarizəmizi aparmalıyıq.”- deyə Fəzail Ağamalı fikrini tamamladı

Arzu İSMAYIL