"Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır" - Paşinyan təsdiq etdi

 15:04 18.04.2023     338

Ermənistanla Azərbaycan arasında sülh sazişi o halda mümkündür ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi o zaman gerçəkləşəcək ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənliklər və tələlər olmadan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və gələcəkdə ərazi iddialarının olmayacağı ilə razılaşacaq. 

Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik” - baş nazir bildirib.

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, “sülh sazişinin təminatı üçün beynəlxalq mexanizmlərin formalaşdırılması çox vacibdir, əks halda sazişin imzalanmasından ertəsi gün yeni müharibə və ya yeni eskalasiya başlaya bilər”.

Turan İSMAYIL