"İkinci Qarabağ müharibəsi Ermənistan üçün dərs olmalıdır" - Elman Nəsirov

 18:46 19.04.2023     340

“Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı ölkəmizin mövqeyi bəllidir. Biz sülh müqaviləsi imzalamaq istəyirik və bu münasibətlərdə 5 baza prinsipini irəli sürmüşük. Ermənistan həmin 5 baza prinsipini qəbul edib".

Bunu Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirli Prezident İlham Əliyevin "Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar" bəyanatına münasibətini bildirərkən dedi.

“Amma bununla da yanaşı, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini qabardırlar və status məsələsinin önə çəkilməsində israrlıdırlar. Lakin ölkə Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı olduqca aydın, konkret, prinsipial və qətiyyətli mövqeyi var”.

Deputanın sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olunmalıdırlar.

“Onlar Azərbaycan vətəndaşıdırlar və Azərbaycan pasportu daşımalıdırlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə yaşayan bütün vətəndaşların malik olduqları eyni hüquqların daşıyıcıları olacaqlar. Kimlər bu reallıqla barışmaq istəmirsə, Azərbaycanın vətəndaşı olmaq niyyətində deyilsə, Azərbaycana reinteqrasiya xəttindən imtina edirlərsə, belə olan vəziyyətdə getsinlər özlərinə başqa yerdə məkan tapsınlar, başqa yerdə özləri üçün yaşayış yeri axtarsınlar. Bu, ölkə prezidentinin konkret mövqeyidir. Bu mövqe ilə Ermənistan tərəfi tanışdır və hesab edirəm ki, bugünkü reallıqda Ermənistan dövləti və onun ali siyasi rəhbərliyi papağını qarşısına qoyub düşünməlidir ki, bu yoldan imtina qarşıdurma və artıq sülhdən imtina deməkdir. Sülhün olmadığı yerdə isə müharibə başlayır. Müharibənin isə Ermənistan üçün hansı fəlakətləri gətirə biləcəyini proqnozlaşmaq elə də çətin deyil. İkinci Qarabağ müharibəsi və onun nəticələri Ermənistan üçün dərs olmalıdır”, – deyə Elman Nəsirov bildirdi.

Arzu İSMAYIL