"Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır" - Paşinyan

 13:34 20.04.2023     277

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını qəbul etməyə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam edir.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

"Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz öz narahatçılığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. Bu, Ermənistan üçün, KTMT üçün, region üçün vacibdir. Bu, bizim üçün çox vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, - Paşinyan Rusiya Federasiyasının KTMT missiyasını Ermənistan ərazisində yerləşdirməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, KTMT missiyasını Avropa İttifaqı (Aİ) missiyası ilə eyni müstəvidə nəzərdən keçirməyə ehtiyac yoxdur.

"Gəlin KTMT ilə Aİ arasında fərq qoyaq. KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müqavilələri var, Ermənistanın öz müqavilələri var", - Paşinyan bildirib.

Xüsusilə, onun sözlərinə görə, 2022-ci ildə Qazaxıstanda baş verən hadisələr zamanı Ermənistan təşkilatın sədri və üzvü kimi üzərinə düşən vəzifələri tam yerinə yetirib: "Deməli, Ermənistanın KTMT missiyasından gözləntiləri Aİ-dən qat-qat yüksək olmalıdır".

Qeyd edək ki, bundan əvvəl KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov qurumun Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə daim hazır olduğunu bəyan edib. Bundan əvvəl də Ermənistana hərbi-texniki yardım göstərməyə hazır olması barədə dəfələrlə deyilib.

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında da qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, layihə üzərində iş davam edir.

Turan İSMAYIL