Rusiya parçalanacaq? - Politoloqlardan AÇIQLAMA

 14:59 25.04.2023     477

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, "soyuq müharibə"dən bəri dünya bəlkə də daha da təhlükəli həddə yaxınlaşıb. Onun sözlərinə görə, vəziyyət ABŞ və müttəfiqlərinin diplomatiyadan imtinası ilə daha da kəskinləşir.

“Hörmətli həmkarlar, biz bir daha, soyuq müharibə illərində olduğu kimi, təhlükəli və bəlkə də daha təhlükəli həddə yaxınlaşmışıq. Vəziyyət çoxtərəfliliyə inamın itirilməsi ilə daha da ağırlaşır”, - o qeyd edən nazirin sözlərinə görə, bütün bunlar “müharibə dəhşətlərinin qarşısını almaq üçün yaradılan BMT-nin divarları arasında” baş verir.

Qeyd edək ki, Qərblə SSRİ arasında baş verimiş "soyuq müharibə" ikincinin dağılması ilə başa çatıb.

Bəs indiki vəziyyəti "soyuq müharibə" kimi dəyərləndirmək olarmı?

Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranmış "soyuq müharibə" Rusiya Federasiyasının dağılması ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Sergey Lavrov fikirlərində haqlıdır. Onun fikrincə, həqiqətən də beynəlxalq vəziyyət "soyuq müharibə" dövründə olduğundan daha təhlükəlidir.

“Rusiya əxlaqsız, məsuliyyətsiz bir şəxsin əlindədir. Rusiyanın dağılması ilə bağlı öngörmələr mövcuddur. Deyirlər ki, müharibə və müharibənin nəticəsi Rusiyanın məğlubiyyətinə, dağılmasına gətirib çıxara bilər”, - deyə o, qeyd etdi.

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Lavrov və onun mənsub olduğu ölkə hadisələri şişirdir:

“Onlar bu hadisələrdən özlərinin xeyrinə qənaətlər formalaşdırmağa çalışır. Dünyada vəziyyət gərgindir, mürəkkəbdir deyə bilərik, amma "soyuq müharibə" dövründən indiyə qədər mövcud olan dünya düzəni hələ yaşayır, mövcuddur. Və Rusiya- Ukrayna müharibəsi bitdikdən sonra yəqin ki, yeni dünya düzənininin formalaşdırılması prosesi başlayacaq”.

Politoloq həmçinin qeyd etdi ki, bu yolda əngəllərdən biri də Çin ilə münasibətlərdir:

“Amma ehtimal olaraq demək olar ki, Çinlə münasibətlər iri qlobal müharibəyə gətirib çıxarmayacaq. Hər halda Çinlə dinc yanaşı yaşamaq mümkün olacaq. Ona görə də Lavrovun söylədiyi fikirlər özünün subyektiv mülahizələridir. ""Soyuq müharibə" dövründən daha gərgin dövrə daxil olmuşuq" deyəndə cürəti çatıb belə mürəkkəb vəziyyətin yaranmasında onun ölkəsinin əsas səbəbkar olduğunu deyərdi. Onlar hələ də Ukraynaya qarşı təcavüzkar müharibə apardıqlarını etiraf etmirlər. Onu məhdud əhəmiyyətli "xüsusi əməliyyat" kimi qiymətləndirirlər. Üstəlik, müharibənin guya Ukrayna tərəfindən qızışdırıldığını və Qərb ölkələrinin də Ukraynaya silah verməklə, faktiki olaraq onların içində müharibədə iştirak etməklə günahlandırır, iddia edirlər. Müharibəni başladan da, dünya nizamına bir gərginlik gətirən də, Rusiya və onun təcavüzkar xarici siyasətidir”.

Rusiyanın dağılması məsələsinə gəldikdə isə Q.Hüseynli bildirdi ki, vəziyyət ona oxşardır və əksər tədqiqatçılar, analitiklər belə hesab edir ki, Rusiyada mərkəzdən qaçan meyillər güclüdür və bu, Rusiyanın müxtəlif milli, regional əlamətlərə görə parçalanmasına gətirib çıxara bilər.

“Bəziləri isə deyirlər ki, Rusiya parçalansa, dünya üçün daha təhlükəli ola bilər. Çünki nüvə dövlətinin parçalanması, nüvə silahına kimin hökmranlıq edəcəyini söyləmək, proqnozlaşdırmaq mümkün deyil. Amma hər halda Rusiyanın dağılması, onun milli əlamətlər üzrə müstəqil dövlətlər birliyinə çevrilməsi prosesi hələ ki, real görünür. Və post-Putin dövründə bu proseslərin şiddətlənə biləcəyini söyləmək mümkündür” - politoloq dedi.

Arzu İSMAYIL