"ABŞ və Fransanın bu cür davranışları öz qərarlarına hörmətsizlikdir" - Deputat

 16:30 25.04.2023     466

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qurmasına isə ABŞ və Fransa öz etirazlarını bildirib.

Bəs, bu dövlətlər niyə narahatdırlar?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanın öz ərazilərində hər hansı fəaliyyəti həyata keçirilməsi, qonşu ölkələrlə sərhəd proseslərini necə tənzimlənməsi daxili işidir və beynəlxalq hüquqla dəstəklənən konstitusiyon hüququdur.

Onun sözlərinə görə, üçüncü hər hansı bir ölkənin - Amerika Birləşmiş Ştatlarının, eyni zamanda, Fransanın bu hadisə ilə bağlı mövqe bildirməsi Azərbaycanın suverenliyinə hörmətsizlik və daxili işlərinə qarışmaqdır:

"Qətiyyən yolverilməzdir. Hər iki ölkə ATƏT-in keçmiş Minsk qrupunun keçmiş həmsədrləri olublar və problemin nədən ibarət olduğunu çox yaxşı bilirlər. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü də tanıyıblar. Ona görə də hər iki ölkənin bu cür davranışları hər şeydən öncə öz qərarlarına da hörmətsizlikdir ki, siz bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız, başqa bir tərəfdən Azərbaycanın qonşu ölkə ilə öz arasında nəzarət-keçid məntəqəsi quraşdırılması ilə bağlı etiraz edirsiniz. Bu, siyasi riyakarlıqdan başqa bir şey deyil. Məsələ ondadır ki, Azərbaycanın atdığı bu addım həm də sülhə xidmət edir və sülhü yaxınlaşdırır. Ərazi nəzarətsiz qaldıqca, bizim ərazimizə həmin yolla terrorçular, silah-sursat daxil olur və regionda eskalasiyanı artırır. Buna görə də Amerika və Fransa Azərbaycanın bu addımını həm də sülhə doğru atılmış addım kimi qiymətləndirilməlidirlər".

Həmidə İbrahimli