"Azərbaycan digər məhsullarını da Avropa bazarlarına çıxara biləcək" - Deputat
Xəbər verdiyimiz kimi, aprelin 25-də Prezident İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib. İlham Əliyevin bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşü olub.
Eyni zamanda, Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. O cümlədən “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çox uğurlu keçdi.
O qeyd etdi ki, bundan öncə də dövlət başçımızın Balkan ölkələrinə səfərləri baş tutmuşdu:
"Bu səfərlərdə əsas hədəf, məqsəd Azərbaycan enerji resurslarının Avropa bazarlarına davamlı ixracını təmin etməkdir. Həmçinin Balkan ölkələrinin rəhbərləri, prezidentləri, baş nazirləri də Azərbaycana səfərlər edərək bu əlaqələrin gücləndirilməsinə və danışıqlar prosesinin sürətləndirməyə öz töhfələrini vermişdilər. Bolqarıstan səfəri zamanı ilk növbədə Azərbaycan qazının Bolqarıstan və digər Balkan ölkələrinə, daha sonra isə mərkəzi Avropa ölkələrinə ötürə bilmək üçün saziş imzalandı. Bilirsiz ki, digər enerji resurslarından fərqli olaraq qazın ixracı üçün öncədən müqavilələr və sərmayənin qoyulması vacibdir. Bu müqavilə əsasında bu layihələr həmin müddət ərzində icra edilir. Bu baxımdan da, bu saziş faktiki olaraq Azərbaycan qazının Şərqi Avropa və Balkan dövlətlərinə ixrac edilməsi üçün bir zəmin yaratdı. Həmçinin Bolqarıstanda SOCAR ofisinin açılışı da hər iki prezidentin iştirakı ilə baş tutdu. Bu da Azərbaycan enerji resurslarına Bolqarıstanda çox böyük tələbatın olmasının bir sübutudur və mən düşünürəm ki, bu əlaqələr yaxın gələcəkdə daha da inkişaf edəcəkdir".
Deputat onu da vurğuladı ki, Azərbaycanın enerji resursları ilə yanaşı, digər qeyri-neft məhsullarının da Avropaya ixracı üçün bir zəmin yaranacaqdır.
"Bu əlaqələr nəticə etibarilə Azərbaycana etibarı daha da artıracaqdır və Azərbaycan digər məhsullarını da Avropa bazarlarına rahatlıqla çıxara biləcəkdir. Möhtərəm cənab Prezidentin son dövrlərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmənin şahidi oluruq və mən düşünürəm ki, bu səfər iqtisadiyyatımızın inkişafına bir təkan, dəstək olacaqdır. Yaxın gələcəkdə Azərbaycan tranzit yükdaşımalarını da həyata keçirdən və Şərqi Qərbə bağlayan əsas yolların mərkəzində mövqeyini daha da gücləndirəcəkdir", - deyə N.Həmzəyev qeyd etdi.
Həmidə İbrahimli