"Bu ölkələr istənilən platformalarda Azərbaycanı daim dəstəkləyəcəklər" - Deputat
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Bolqarıstanda səfərdə olub. Bu səfər zamanı bir çox sənədlər imzalanıb. Bunlardan biri də Azərbaycan qazı ilə bağlı anlaşma memorandumudur. Hətta İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir.
"Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq" - dövlət başçısı qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev öncə bildirdi ki, Azərbaycan Prezidentinin Bolqarıstana səfərini bu gün “Euronews” telekanalında bir neçə dəfə nümayiş etdiriblər.
“Adətən “Euronews” Azərbaycanla, Azərbaycanın uğurları ilə bağlı bir o qədər də xəbər yayan xəbər xəbər kanalı deyil, amma maraqlısı odur ki, bunlar bu xəbəri çox yaxşı formada yaydılar. Təbiidir ki, bu gün Avropanın Azərbaycana kifayət qədər ehtiyacı var. Bu, il yarım əvvəl yaradılan şərait ilə əlaqədardır. Avropanın illik təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun da bu gün 11-12 milyard kubmetrini, bir neçə ildən sonra 20-25 milyard kubmetrini Azərbaycan çatdıracaq. Azərbaycanın planı var ki, Türkmənistan qazını da “Transxəzər” boru xətti vasitəsilə, TAP və TANAP ilə Avropaya çatdırsın. Və burada artıq rəqəm gəlib 50 milyarda qədər çata bilər, hətta keçə bilər. Bunlar Avropa üçün böyük rəqəmlərdi. 10-11 milyardın özü də böyük rəqəmdir. Həm də Bolqarıstandan başqa Macarıstan, Ruminya kimi digər ölkələr də vardır. Və ölkələr də, xəttlər də artır, bu isə, bizim üçün həm siyasi, həm iqtisadi uğurdur. İqtisadi uğurdur, çünki valyuta mənbəyidir. Siyasi uğurdur ona görə ki, bu ölkələr istənilən platformalarda Azərbaycanı daim dəstəkləyəcəklər və bizə dost gözü ilə baxacaqlar. Bu da bizim üçün maraqlıdı və bu, çox uğurlu siyasətdir”, - deyə deputat qeyd etdi.
Rüfət Quliyev vurğuladı ki, Azərbaycan Avropa arenasında energetika ilə əlaqədar ən böyük iştirakçılarından birinə çevrilir və Azərbaycana aydan-aya inam daha da çoxalır.
Arzu İSMAYIL