“Azərbaycan Bolqarıstanın enerji təminatında həlledici rol oynayacaq” - Aydın Hüseynov

 16:08 26.04.2023     486

“Bolqarıstanın da bir hissəsi olduğu Balkan regionu ölkəmizin xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanın Balkan regionu ölkələri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bu xüsusda Prezident İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana rəsmi səfərini qeyd etmək lazımdır”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyevin Bolqarıstan səfəri zamanı qazla bağlı imzalanan anlaşma memorandumuna münasibətini bildirərkən dedi.

Onun sözlərinə görə, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir:

"Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etməsini və Prezident cənab İlham Əliyevlə görüşlər keçirməsini qeyd etmək lazımdır. Azərbaycan-Bolqarıstan münasibətləri son illər yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə siyasi münasibətlər keyfiyyətcə yeni səciyyə qazanıb. Bu vacib sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan etmişdilər. Birgə Bəyannaməyə əsasən Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. İqtisadi əlaqələrin dinmaikası da hər il artır. 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri Balkan regionundan - Yunanıstan və Albaniyadan keçir. Bu xüsusda 2022-ci ildə Yunanıstan- Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi qazın bu ölkəyə nəqlinə imkan verib, oktyabr ayında Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik Boru Kəməri vasitəsilə Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılıb.”

Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin aprelin 25-də səfəri sayca 5-ci səfəri olmaqla iki ölkə arasında möhkəm əlaqələrin göstəricisi kimi qiymətləndirilə bilər.

“Səfər çərçivəsində  Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın enerji doktrinasının daha da mökkəmlənməsi və Avropanın enerji bazarında rolunun güclənmısi deməkdir", - deyə A.Hüseynov bildirdi.

Arzu İSMAYIL