"Laçındakı sərhəd-buraxılış məntəqəsində Rusiya hərbçilərinin bütün maşınları yoxlanılmalıdır" - Deputat
Xəbər verdiymiz kimi, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi barədə razılığa gəlinib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Nazirlərin Ermənistan-Azərbaycan arasında normallaşma prosesini və xüsusilə Laçın dəhlizi ilə bağlı məsələni müzakirə edəcəyi bildirilir.
Bəs, Laçın dəhlizinin başlanğıcında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsini qurmasından dolayı Rusiyanın üçtərəfli görüşdə mövqeyi necə ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə Rusiya bu məsələlərlə bağlı sülhməramlı missiyanı həyata keçirir. Ancaq “sülhməramlı missiya” fəaliyyətə başlayandan onlar daim Azərbaycan ərazisində kök salmış separatçılarla, terrorçularla, işğalçılarla əməkdaşlıq ediblər:
“Bu gün də Azərbaycan-Ermənistan arasında sərhəd-buraxılış məntəqəsini yaradandan sonra Rusiya yenə əl ayağa düşüb ermənilərə müxtəlif vədlər verdi. Qarabağdakı müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinə təyin olunan yeni komandan gələn kimi ermənilərlə görüşüb və müəyyən təsəlliverici vədlər verib. Hesab edirəm ki, Rusiya ədalətli mövqe göstərməlidir. Ancaq göstərəcəkmi? Məsələ burasındadır ki, Azərbaycan bütün beynəlxalq hüquqa nəzərən dövlətlərarası sərhədlərin tənzimlənməsi məsələlərinə uyğun olaraq iki dövlət arasında sərhəd-keçid məntəqəsi qoydu. Burada qeyri-adi, qanundan kənar heç bir şey yoxdur. Bu, tam qanunauyğun bir haldır. İstənilən iki dövlət arasında sərhəd-keçid buraxılış məntəqəsi var. Məsələn, Rusiya ilə bizim aramızda dövlət sərhədində bu var. İranla bizim aramızda var. Gürcüstanla bizim aramızda var. Rusiya hansı dövlətlərlə qonşudursa, onlarla arasında sərhəd-keçid buraxılış məntəqəsi var. Bəs Ermənistanla niyə olmasın ki? Ermənilər "Qırmızı kitab"a düşmüş kimlərdir, nələrdir, canlılardır? Onlarla niyə olmasın? Yaxud Azərbaycan ərazisi Ermənistan üçün sahibsiz ərazidir? Ermənilər deyir istədikləri vaxt kim istəsə, gəlsin, getsin, nə istəsələr gətirsinlər, aparsınlar. Bu, heç bir hüquqa, qanuna uyğun deyil” -deyən deputat əlavə etdi ki, ermənilər indiyə qədər bundan istifadə ediblər:
"Artıq aprelin 23-dən sonra istifadə edə bilməyəcəklər, çünki bu, qanunauyğun bir hərəkətdir. Paşinyan, o təlxək deyir ki, sərhəd-keçid məntəqəsinə Rusiya nəzarət etməlidir, Rusiya oradan sərbəst keçib gəlməlidir. Xeyr, heç elə bir şey yoxdur. Qətiyyən. Bura Azərbaycan ərazisidir və Azərbaycan ərazisində hər şeyə Azərbaycan nəzarət edəcək. Eyni zamanda, sərhəd-keçid buraxılış məntəqəsində də nəzarət Azərbaycanda olacaq. Rusiyanın “sülhməramlılar” deyilən hərbi kontingenti var. Onların o yolda hərəkətin təhlükəsizliyini təmin etmək məsələsi 2020-ci ildəki kağızda yazılıb. Lakin gələndən buna da əməl eləmirlər”.
Elman Məmmədov bir məsələni də xüsusi qeyd etdi ki, bizim sərhəd-buraxılış məntəqəsində Rusiya hərbçilərinin bütün maşınları yoxlanılmalıdır:
“Çünki indi ermənilərə silah-sursatı da, bütün təminatı da həmin maşınlarla məhz ruslar daşıyacaq. Bunu qanunu pozaraq müəyyən pul müqabilində onlar edəcəklər. Bu cinayətkarları, separatçıları, terrorçuları Rusiya hərbi maşınları daşıyacaq. Hərbi kontingentinə aid olan maşınlar Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılsın, onda məlum olacaqdır ki, Rusiya hansı məzhəbə qulluq eləyir”- deyə o fikrini tamamladı.
Arzu İSMAYIL