"Qarabağda emənilərin siyahıya alınması keçirilə bilər" - Deputatdan AÇIQLAMA

 15:11 01.05.2023     382

Bir neçə gün əvvəl eko-fəalların Laçın-Xankəndi yolundakı 139 günlük etiraz aksiyası dayandırıldı. Aksiya Azərbaycanın məqsədinə nail olması ilə sonlandı.

Bundan əlavə aksiyanın sonlanmasının Azərbaycan üçün başqa hansı müsbət tərəfləri var? Bununla nə əldə etmiş olduq?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Redaktor.az-a danışıb.

Deputat bildirdi ki, aksiyanın dayandırılması isə heç bir halda təsadüfi xarakter kəsb etmir:

"Bu aksiyanın keçirilməsində əsas məqsəd onunla bağlı idi ki, Azərbaycanın müvəqqəti nəzarətində olmayan ərazilərə erməni canlı qüvvəsinin, silah-sursatın, digər hərbi təyinatlı məhsulların daşınmasının qarşısı alınsın. Eko-fəalların davamlı aksiyası bu nöteyi-nəzərdən öz bəhrəsini verdi. Lakin ermənilər alternativ yollarla dərələrdən, meşəlik ərazilərdən və s. istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirmək istədilər. Bu reallıq fonunda cari ilin fevral ayında cənab prezident İlham Əliyev Ermənistanla sərhəddə Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət buraxılış məntəqəsinin açılmasının vacibliyi ilə bağlı məsələni gündəmə gətirdi".

E.Nəsirov dedi ki, başda Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmadı, əksinə bu prosesin reallaşmasını cürbəcür təxribatlar törətməklə mane olmağa çalışdılar.

"Bu reallıqda aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin açılışını təmin etdilər. Bu o deməkdir ki, daha Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hərbi təyinatlı qüvvələrin daşınmasının qarşısı alındı. Qarabağdan ermənilər pasportlarını göstərməklə sərhəd keçidini həyat keçirirlər. Prossesin məntiqi sonluğu olaraq Qarabağda emənilərin siyahıya alınması keçirilə bilər", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ