Ermənilərin mərasim zalı Yelisey - vasitəçi roluna yaramayan Fransa

 18:25 01.05.2023     375

Fransanın Ermənistanı müdafiə etməsi mənasını itirir. Hadisələr bunun daha çox özünü göstərmə mahiyyətli olduğunu təsdiqləyir.

Qısa xatırlatma edək. Bu ölkənin parlamenti “ermənilərin soyqırımı” ilə bağlı saxta iddianı tanıyıb. Eyni zamanda, Fransa parlamentində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını dəstəkləyən sənəd qəbul edilib. Yeliseydə bir-birini əvəzləyən prezidentlər seçkiqabağı və seçkidən sonra ermənilərə gen-bol vədlər verirlər.

Avropa İttifaqı parlamentində isə Fransadan olan deputatlar demokratiyanın verdiyi imkanlardan sui-istifadə edərək anti-Azərbaycan çıxışları edirlər. Demokratiya azadlıq imkanlarını artırsa da, o, başqa dövlətin ərazi bütövlüyü və beynəlxalq hüquqa, normalara, münasibətlərə qarşı deyil.

Bir sözlə, Yelisey sarayı, az qala, ermənilərin saxta məzlum vəziyyətinə “yas” saxlayan mərasim zalını xatırladır.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanı ziyarətinin ardınca Ermənistana səfər etdi. Bakıdakı çıxış və davranışları daha obyektiv görünürdü. Elə zənn edilirdi ki, son hadisələrdən, xüsusilə Yelisey sarayı Ermənistan ərazisində Avropa İttifaqının mülki monitorinq missiyasını yerləşdirməyə nail olduqdan sonra özünü heç olmasa, 40 gün obyektiv göstərməyə çalışacaq. Ancaq onların buna da gücü çatmadı. Ketrin Kolonna İrəvandakı anti-Azərbaycan çıxışları ilə təmsil etdiyi hakimiyyətin regionda sülhə və təhlükəsizliyə xələl vuracaq mövqeyini açıqladı.

Fransalı diplomat özünü və təmsil etdiyi ölkəni Azərbaycan vətəndaşı olan ermənilərin hüquqlarının müdafiəçisi kimi aparıb: “Biz Dağlıq Qarabağ (?!) əhalisinin hüquqları və təminatları ətrafında danışıqların aparılmasını istəyirik”.

Azərbaycanda onun iddia etdiyi ərazi vahidi yoxdur. Qarabağın əhalisi Fransa hakimiyyətinin və bəzi siyasilərinin iddia etdiyi kimi təkcə ermənilərdən ibarət deyil. Qarabağ iqtisadi rayonunda azərbaycanlıların sayı indi daha çoxdur.

Aprelin 28-də Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub. Fransanın Azərbaycandakı səfiri Ann Buayon tviter səhifəsində yazıb: “Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda minaların təmizlənməsinə dəstəyini davam etdirir”.

Ancaq Fransa Xarici İşlər Nazirliyi bu hadisəyə münasibət bildirməyib. Yaxud rəsmi Paris Ermənistan hakimiyyətindən minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə təkid etməyib. Halbuki bu məsələ rəsmi Bakı ilə aparılan bütün danışıqların prioritet məsələlərindəndir.

Bakıdan yenicə getmiş Ketrin Kolonna da bu hadisə ilə bağlı münasibət bildirə bilərdi.

Fransa XİN başçısının İrəvana səfəri Ermənistandakı səfirliyin yanında hərbi missiya yaradılması ilə də yadda qaldı. Belə çıxır ki, rəsmi Paris Rusiyanı sıxışdırıb, onun hərbi bazasının yerində Malidə və ya Afrikanın başqa ərazilərindəki kimi baza yaradacaq?! Hər halda bu, dodaq qaçıran hadisələrdən də sayıla bilər.

Ketrin xanım qərəzli mövqeli Fransanın Azərbaycan və Ermənistan XİN başçıları arasında Kişineuda görüşün keçirilməsinə vasitəçilik etmək istəklərini də gizlətmir.

Fransa və İranın Orta Şərqdə və Cənubi Qafqazda tutduqları mövqe bir-birinə çox bənzəyir.

Yeri gəlmişkən, rəsmi Paris və Tehran 44 günlük müharibə zamanı birmənalı şəkildə işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, ona hərbi maddi-texniki sahədə köməklik göstərərək informasiya-təbliğat dəstəyi verdilər.

Öz aralarında çoxsaylı qlobal problemləri olan bu iki dövlətin hakim dairələri vasitəçilik edib, adları çəkilən regionlarda təhlükəsizliyin yaranmasına yardım etməkdənsə, fəaliyyəti ilə problem yaradırlar. Məsələn, Fransa Livanda özünü hakimiyyətin formalaşmasına və demokratiyanın inkişafına, sabitliyin yaranmasına, islahatların keçirilməsinə yardım edən kimi göstərməyə çalışır. Ancaq onun bütün əməlləri Livanın ziyanına olur. İranın bu ölkədə yaratdığı “Hizbullah” Livanda sabitlik üçün başlıca maneə, İsrailin təhlükəsizliyini təhdid edən əsas silahlı qruplaşmadır.

Deməli, Fransa və İranın Livandakı fəaliyyəti Orta Şərqdə sabitlik və bu ölkə üçün faydalı deyil. Bu iki ölkənin Suriyadakı fəaliyyəti də bir-birinə qarşı və ziddiyyətlidir. Bu sayaq örnəkləri artırmaq olar.

İndiyədək Fransanın Cənubi Qafqazla bağlı heç bir layihəsi, ideyası nəinki uğurla həyata keçməyib, heç reallaşmayıb da. Odur ki, Fransanın ermənilərin havadarı kimi çıxış etməsi daha çox bu etnik qrupun ziyanınadır. Çünki Yelisey sarayının yürütdüyü siyasət nə Afrika, nə Orta Şərq, nə də Cənubi Qafqazda özünü doğrultmur. Bu həm də Fransanın vasitəçi rolunda yararsızlığını göstərir...

Sədrəddin SOLTAN