"Heç bir dövlətin haqqı yoxdur ki, icazəmiz olmadan Laçın yoluna kimisə göndərsin" - Deputat

 19:24 01.05.2023     618

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib ki, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizinə və "Dağlıq Qarabağ"a beynəlxalq sübut toplama missiyası göndərmək üçün intensiv işləyir.

"Hazırda biz Fransadan Laçın dəhlizindəki vəziyyətin həllinə böyük maraq görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda sübutların toplanması üçün beynəlxalq missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı  Sahib Alıyevin sözlərinə görə, artıq Laçın dəhlizi  yoxdur, Laçın yolu varvar:

“İkincisi,  Fransa öz missiyasını olsa-olsa,  Zəngəzur dəhlizinə göndərə bilər. Ona da Rusiya icazə versə. Bu isə gələcəyin məsələsidir. Nə Fransanın, nə də başqa bir dövlətin haqqı yoxdur ki, bizim icazəmiz olmadan Laçın  yoluna kimisə göndərsin. Bu, mümkünsüzdür".

Deputat əlavə etdi ki, “Böyük Ermənistan” xülyası kimi Laçın yoluna hər hansı missiya göndərmək Qriqoryanların heç vaxt baş tutmayacaq və reallıqdan uzaq istəkləridir.

Arzu İSMAYIL