Aqil Abbasdan ermənilərin aksiyasına REAKSİYA

 16:18 03.05.2023     650

Xəbər verdiyimiz kimi, Qarabağda yaşayan ermənilər etiraz aksiyasına başlayıblar. Separatçı qondarma “Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz etiraz aksiyası elan ediblər.

“Biz bütün apolitik qüvvələri bizə qoşulmağa çağırırıq. Biz Azərbaycandan tələb edirik ki, Laçın dəhlizində qeyri-qanuni quraşdırılmış keçid məntəqəsi tezliklə yığışdırılsın. Buradakı aksiyamız bu tələb yerinə yetirilənə qədər davam edəcək”, - deyə iştirakçılardan biri bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, Azərbaycan dövləti öz sərhədində, öz torpağında bütün başqa ölkələrlə olduğu kimi sərhəd-buraxılış məntəqəsi qurub.

"Ermənistanla aramızda sərhəd məntəqəsi olmamalıdır ki? Onlar mitinq etməklədir? Azərbaycan suveren dövlətdir. Öz hüquqlarını, torpaqlarını qoruyur. Biz onların mitinqi ilə oturub-duracağıq? Bir dəfə oturub-durmuşuq, 30 il altını çəkmişik",- deyə deputat qeyd etdi.

Xatırladaq ki, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Həmidə İbrahimli