"Bu təxribatların çox sərt cavabı olacaq" - Asim Mollazadə

 17:45 03.05.2023     403

Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev söyləyib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

"Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər", - deyə dövlət başçısı bildirib.

Bəs, sülh sazişi imzalanmazsa, nə baş verə bilər?

Milli Məclisin deputatı Asim Mollazadə bununla bağlı fikirlərini Redaktor.az-la bölüşüb.

Deputat dedi ki, sülh olmayacaqsa, münasibətlərdə gərginlik olacaq:

"Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə, strukturlarda cavab verməli olacaq. Ermənistan qonşu ölkələrə ərazi iddiaları ilə beynəlxalq hüquq normalarını pozur. Azərbaycana qarşı hər hansı təxribat törədəcəksə, bu təxribatların çox sərt cavabı olacaq".

Humay İSGƏNDƏRLİ