"Prezident İrana çox konkret mesaj verdi ki..." - Deputat

 17:43 04.05.2023     461

Dünən, mayın 3-də Prezident İlham Əliyev  ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı İranın Tehrandakı Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törətdiyi terrordan danışıb.

İlham Əliyevin İranla bağlı fikirlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, Prezident Şuşada İranla bağlı çox konkret, dəqiq mesajlar verdi.

Onun sözlərinə görə, prezident bir daha Azərbaycanın mövqeyini açıq ifadə etdi:

"Xüsusilə səfirlikdə baş verən hadisə ilə bağlı cənab prezidentin çox həssas, dəqiq bir mövqeyi oldu ki, səfirlikdə bu hadisə elə-belə baş verə bilməzdi. Bu, hiss olunurdu ki, açıq aydın təşkil olunub. İran bunu əsaslandırmağa çalışır ki, yox, biz eləməmişik, bu, təsadüfdür. Amma cənab prezident bu məsələyə açıq münasibətini bildirdi və çox konkret, dəqiq şəkildə onu da qeyd etdi ki, bu gün bizim münasibətlərimiz çox aşağıdır. Eyni zamanda, İrana çox konkret mesaj verdi ki, burada siz Azərbaycana təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcəyinizi bilməlisiniz. Yəni siz bu təzyiq yolundan, Azərbaycana təzyiq cəhdlərindən əl çəkməlisiniz. Bu məsələ də xüsusi vurğulandı. Mən hesab edirəm ki, hazırkı mərhələdə bu, daha çox İranın özünü necə aparmağından asılıdır. Burada Azərbaycanlıq bir şey yoxdur".

Ceyhun Məmmədov İranda itkin düşən iki azərbaycanlılardan da danışdı.

"Bilirsiniz ki, mən parlamentdə də bu məsələni qaldırmışdım. İran Azərbaycanın axtarışda olan iki nəfərini həbs eləmişdi. Artıq dünən məlum oldu ki, onlar azadlığa çıxıblar, azadlığa çıxandan sonra da Azərbaycana qarşı müəyyən iddiaları və ittihamları səsləndirməyə başlayıblar. Düşünürəm ki, cənab Prezidentin konkret mesajı ondan ibarət idi ki, münasibətlərin normallaşması İranın addımlarından asılıdır. Müəyyən məlumatlar yayılır və İran istəyir ki, Azərbaycan səfirliyini yenidən bərpa etsin. Bu da o halda mümkün ola bilər ki, cinayəti törədənlərlə bağlı məlumat verilsin, konkret törədənlər barədə Azərbaycanın istədiyi məlumatlar əldə edilsin. Hesab edirəm ki, burda əsas mesaj və əsas məqsəd bundan ibarət idi".

Həmidə İbrahimli