"Vaşinqtonda sülhlə bağlı razılıq olarsa, Rusiya bölgədə gərginlik yaratmağa çalışacaq" - Deputat

 17:05 04.05.2023     364

"Sülh həmişə arzu olunandır, biz də arzu edirik ki, bütün qonşularımızla sülh şəraitində, əmin amanlıqla yaşayaq, əməkdaşlıq edək. Ancaq erməni tərəfi bu məsələlərdə səmimi deyil".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Deputat qeyd etdi ki, ermənilərin sülh məsələsində səmimi olmamalarının səbəbi var:

"Səbəb odur ki, bir mərkəzdən idarə olunmurlar, öz müstəqil siyasətlərinə malik deyillər. Mərkəzlərdən kənar qüvvələr tərəfindən idarə olunurlar. Buna görə ermənilərlə sülh bağlamaq, sülhdən danışmaq məsələsi bir az çətin olur. Bu gün dünyada mövcud olan güc mərkəzləri var. Amerika Birləşmiş Ştatları kimi, Rusiya Federasiyası kimi və s. Bunlar heç də Ermənistanın və Azərbaycanın mənafeyi üçün çalışmırlar. Bu bölgədə, regionda, Cənubi Qafqazda öz mövcudluqlarını, varlıqlarını, nəzarətlərini həyata keçirmək üçün nələr etmək lazımdırsa, o istiqamətdə iş aparırlar. Məsələn, bu gün artıq üçüncü gündür Amerika Birləşmiş Ştatlarında yüksək səviyyədə iki dövlətin xarici işlər nazirləri arasında danışıq gedir. Təbii ki, bugünkü proseslər dünya tərəfindən izlənilir və maraqlı tərəflər var. Ən maraqlı tərəf Rusiyadır. Rusiyanı bölgədən sıxışdırılıb çıxarılması üçün Avropa və Amerika ciddi cəhdlə çalışır. Rusiya da bunu dərk edir və xoşaxoşluqla qəbul etməyəcək".

E.Məmmədov dedi ki, əgər Vaşinqtonda Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh sazişinin imzalanması baş tutarsa, Rusiya bölgədə gərginlik yaratmaq üçün başqa xoşagəlməz variantlara əl atacaq:

"Son iki-üç gündə Rusiya dövlət rəsmilərinin verdikləri bəyanatlardan, söylədikləri fikirlərdən bunu anlamaq çətin deyil. Ermənistanın İranla, Türkiyəylə sərhədlərində rus sərhədçiləri dayanır. Ermənistanın hava məkanını Rusiya Federasiyasının Müdafiə Nazirliyi qoruyur. Eyni zamanda Ermənistan iqtisadiyyatının ən güclü sahələrinə bu gün Rusiya dövləti nəzarət edir. Belə olan halda Amerika Birləşmiş Ştatları tərəfindən Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması çətin bir prosesdir. Rusiya burada müqavimət göstərəcəkdir. Bu müqavimət də bölgədə arzuolunmaz vəziyyətin yaranmasına səbəb ola bilər".

Deputat əlavə etdi ki, Azərbaycan siyasətini, mövqeyini bəyan edib.

Cənab prezidentimiz bəyan edib, biz sülh tərəfdarıyıq. İstəyirik ki, çağırışlarımıza qarşı səmimi münasibət görək. Ermənistan mahir bir oyunçu kimi düşüb ortaya Avropa, Amerika və Rusiya tərəfə də oynayır. Cənab prezidentimizin dediyi kimi, nə istəyir, özləri də bilmirlər. Bu da təhlükəli bir məqamdır. Vaşinqton danışıqlarının uğurla başa çatması arzuolunandır. Sülh sazişi imzalansın, bölgədə sülh olsun. Əks təqdirdə Ermənistan əgər istəmirsə, istəməyəcəksə, biz heç kimi sülhə məcbur etməyəcəyik. Ancaq Ermənistan bir şeyi başa düşməlidir ki, biz onları dəmir yumruq vasitəsilə sülhə dəvət edə bilərik. Artıq Ermənistanın bu cığallıqları Türkiyəni məcbur etdi ki, sərhədləri bağlasın. Ermənistan bundan nəticə çıxarmalıdır. İran dövlətin çağırışlarına Ermənistan məhəl qoymamalıdır. Ermənistan başa düşməlidir ki, İran onların mənafeyi üçün yox, öz mənafeyi üçün Zəngəzur dəhlizinin əleyhinə çıxış edir. Çünki 30 il ərzində Ermənistan Zəngəzur dəhlizi deyilən ərazidən taladıqlarını daşıyıblar. Yəni Ermənistan bir az ayıq başla sağlam düşünməlidir. Yeganə çıxış yolunun Azərbaycanla, Türkiyə ilə münasibətlərin yaxşılaşmasından keçdiyini dərk etməlidir. Əks təqdirdə Ermənistanı buna məcbur etmək üçün bizim kifayət qədər imkanlarımız, gücümüz var",- deyə E.Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ