"Azərbaycandan Naxçıvana vətəndaşların və malların sərbəst hərəkətində heç bir problem görmürük”
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Üstəlik, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlıdır və hazırdır.
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Biz regionun ticarət baxımından açılmasında, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və malların sərbəst hərəkətində heç bir problem görmürük”, - Simonyan bildirib.
Onun sözlərinə görə, İrəvan dəfələrlə Bakıya qoşunların güzgü prinsipi ilə sərhəddən çıxarılmasını təklif edib və indi də təklif edir.
Simonyan eyni zamanda vurğulayıb ki, Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün deyil. Bu baxımdan İrəvan Türkiyənin bu istiqamətdə addımlar atacağına ümid edir.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışan Simonyan qeyd edib ki, bunun üçün siyasi iradə lazımdır.
Turan İSMAYIL












