Aİ Vaşinqtondakı danışıqları alqışlayır

 09:22 06.05.2023     302

“Avropa İttifaqı 4 gün danışıqlar zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin davamlı əlaqəsini alqışlayır”.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz tviter hesabında etdiyi paylaşımda deyib. 

“Vaşinqtondan ümidverici xəbərlər var. İrəliləyişə yalnız dialoq vasitəsilə nail olmaq olar. Biz Ermənistan və Azərbaycanın yanında olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik”, - deyə Klaar qeyd edib. 

Xatırladaq ki, son bir neçə gündür ABŞ-də Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Tərəflər mayın 1-i Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüş keçiriblər. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub. Bununla yanaşı, C.Bayramov və A.Mirzoyan mayın 3-ü C.Sallivanın vasitəçiliyi ilə yenidən danışıqlar aparıblar. Son olaraq isə mayın 4-ü nazirlər arasında yenidən görüş baş tutub. Danışıqlar nəticəsində nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.