İlham Əliyev Paşinyanla Moldovada görüşəcəkmi?

 17:39 07.05.2023     422

İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, Zirvə toplantısında 47 dövlət və hökumət başçısı, Avropa İttifaqı qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər. 

Moldova sammitində Azərbaycan və Ermənistan liderləri İlham Əliyev ilə Nikol Paşinyanın da iştirakı gözlənilir. 

Belə ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Fransa mətbuatına verdiyi müsahibədə Moldovada tərəflər arasında görüşün keçiriləcəyini istisna etmədiyini bildirib. 

Bir müddət əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanması ehtimalı barədə sualları cavablandırıb. O, sülh sənədi imzalanarsa, sevinəcəyini söyləyib

"İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram", - deyə Paşinyan Kişinyovda liderlər səviyyəsində görüşün olacağını inkar etməyib.

Doğrudur, Azərbaycan və Ermənistan liderlərinin Moldovada görüşü barədə xəbərlər hələlik rəsmi şəkildə təsdiqlənməyib və tərəflər bununla bağlı hər hansı açıqlama verməyiblər. Lakin siyasi şərhçilər liderlərin görüşünü istisna etmirlər.

 

Xatırladaq ki, sonuncu dəfə fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.