"Bakının milli şəhərə çevrilməsi Heydər Əliyevin hakimiyyəti dövründə baş verib" - Etibar Məmmədov

 16:22 10.05.2023     581

"Heydər Əliyev Azərbaycan tarixində uzun müddət Azərbaycana rəhbərlik etmiş şəxsdir. Təkcə Azərbaycanda yox, SSRİ miqyasında rəhbərlikdə olmuş bir şəxsiyyətdir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri, keçmiş deputat Etibar Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı danışarkən dedi.

"Heydər Əliyevin Azərbaycan tarixində rolu çox uzunmüddətli və böyükdür. Onun dövründə Azərbaycanda böyük dəyişikliklər olub. Birinci hakimiyyəti dövründə Azərbaycanın sənayeləşməsi, sonra Azərbaycanın milliləşməsi və Bakının da milli şəhərə çevrilməsi onun hakimiyyəti dövründə baş verib. Müstəqillik dövründə də hakimiyyətə gəlişindən sonra, ən böyük nailiyyət neft kontraktlarının imzalanması və Azərbaycanın böyük dövlətlərin maraq dairəsinə daxil olması olub", - deyə AMİP lideri bildirdi.

Həmidə İbrahimli