"Ermənistan yeni müharibəyə risk etməz" - Fazil Mustafa
Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Bəs, yenidən bu təxribatın törədilməsində məqsəd nədir? Ermənilər yeni bir müharibəyə hazırlaşırmı?
Mövzu ilə ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, hələ bu barədə konkret nəsə demək mümkün deyil.
"Sülh danışıqları ərəfəsində bu təxribatlar gözlənilirdi. Amma ümid edək ki, Ermənistan yenidən müharibəyə başlamağa risk etməz. Təbii ki, Ermənistanı qızışdıran dövlətlər var və bu dövlətlər də sülh prosesinin irəliləməsinə mane olmaq istəyirlər. Amma qlobal səviyyədə bir müharibə çıxaracaqlarını zənn etmirəm. Hər halda Azərbaycan da kifayət qədər bu məsələdə ehtiyatlılığını qoruyur və istənilən həmlənin qarşısında duracaq. Allah şəhidimizə rəhmət eləsin, yaralımıza da şəfa diləyirəm. Ümid edək ki, sülh müqaviləsi imzalanana qədər daha şəhidlərimiz olmaz. Əminəm ki, bütövlükdə biz birlikdə bu prosesi uğurla yekunlaşdırıb, bölgəni sülhə qovuşdurarıq",-deyə Fazil Mustafa qeyd etdi.
Həmidə İbrahimli