Ermənistana xəbərdarlıq: "Düşdüyü ağır durumu daha da dərinləşdirəcək"
Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Müdafiə Nazirliyinin son yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindən ordumuzun Kəlbəcərdə yerləşən bölmələrini toplardan atəşə tutur.
Bəs, yenidən bu təxribatın törədilməsində məqsəd nədir? Ermənilər yeni bir müharibəyə hazırlaşırmı?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, son hadisələr bir daha onu göstərdi ki, Ermənistan sülh barədə yox, müharibə barədə düşünür.
Deputatın fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun müddətdir bölgəyə sülhün gəlməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin üzərində işləyir və hazırda bu istiqamətdə çox fəal iş aparır.
"Əslində görünən odur ki, həm Brüsseldə, həm Amerika Birləşmiş Ştatlarında görüşdə əldə edilən uğurlardan sonra biz Ermənistanın təxribatlara əl atdığını görürük. Yəni biz həm Brüsseldə, həm ABŞ-da, həm də Rusiyada müxtəlif müzakirələr apararkən, bir sıra məsələləri razılaşdırarkən yenidən Ermənistanın vəziyyəti əvvəlki dövrə qaytarmaq üçün cəhdlər göstərdiyini görürük. Əslində həm ABŞ, həm də Brüsseldə keçirilən görüşlərdə tərəflər müəyyən məsələlərlə bağlı razılığa gəlmişdilər və müəyyən bir məsafəni biz tərəflərin qət etdiyini görürük. Amma son proseslər onu göstərdi ki, Ermənistan təxribatlara davam etmək niyyətindədir. Və eyni zamanda, bildiyiniz kimi, bu günlərdə Prezident İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılırdı. Yəni növbəti bir görüş olacaqdı və bu görüşdə əlaqələrin güclənməsinə, əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək. Amma yenə də biz hər zaman olduğu kimi təxribatların şahidi oluruq".
Millət vəkili onu da qeyd etdi ki, bu təxribatlardan ən çox əziyyət çəkən Ermənistan özü olacaq.
"Ermənistan anlamalıdır ki, bu kimi cəhdlərlə özünün düşdüyü ağır durumu daha da dərinləşdirəcək və Ermənistanı qarşıda daha çətin, ağır günlər gözləyir. Eyni zamanda Ermənistan bilməlidir ki, onun ən kiçik, ən xırda belə təxribatının qarşısı dövlət qurumları tərəfindən, Azərbaycan ordusu tərəfindən çox qətiyyətlə alınacaq. Azərbaycan 30 il gözləmək niyyətində deyil. Azərbaycan bölgəyə sülhün gəlməsini istəyir. Ermənistan da bunu anlamalıdır və çalışmalıdır ki, sülh prosesinə töhfə versin. Əgər bunu anlamasa, eyni təxribatları törətsə, bundan ən çox əziyyət çəkən yenə Ermənistanın özü olacaq. Ermənistan bunu anlayaraq belə təxribatlara, belə məsələlərə son qoymalıdır", - deyə C.Məmmədov bildirdi.
Həmidə İbrahimli