"Orta Dəhliz" nə üçün yaradılır? - Deputatdan AÇIQLAMA
Ötən gün Prezident İlham Əliyev Şuşadan xalqa müraciəti zamanı "Orta Dəhliz"lə bağlı məsələyə toxunub. Dövlət başçısı xatırladıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi.
"Məhz o illərdə bu gün "Orta Dəhliz" dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq",- deyə İlham Əliyev çıxışında bildirib.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Redaktor.az-a bildirdi ki, prezident müraciət zamanı mühüm fikirlər səsləndirib:
"Ayrıca olaraq Azərbaycanın birbaşa təşəbbüsü və iştirakçılığı ilə həyata keçirilən layihələrlə bağlı səsləndirdiyi fikirlər, düşünürəm ki, olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu gün sözügedən istiqamətdə yeni nəqliyyat infrastrukturlarının yaradılması, bu layihələrdə iştirakı bütövlükdə geniş bir coğrafiyada nəqliyyat xəritəsini yeniləməkdədir. Azərbaycanın hazırda malik olduğu nəqliyyat infrastrukturu isə "Orta Dəhliz" layihəsinin mərkəz iştirakçısına çevrilib. Prezident bu məqamı vurğulamaqla dedi ki, Azərbaycanı bundan sonra hər hansı formada nəqliyyat layihələrindən kənarda qoymaq qeyri mümkündür. "Orta Dəhliz" səmərəlidir, əks halda bu dəhlizin yaradılmasına ehtiyac olmazdı. Bu dəhlizin yaradılmasının əsas səbəblərindən biri də zamana və resurslara qənaət olunmasıdır".
Millət vəkili qeyd etdi ki, "Orta Dəhliz"ə aid olan Zəngəzur dəhlizi həm də tarixi İpək yoludur.
"Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər tam reallığı əks etdirir. Eyni zamanda dövlətin logistika layihələrində artıq dəyişməz yerini bir daha nümayiş etdirdi",-deyə deputat vurğuladı.
Humay İSGƏNDƏRLİ