Tofiq Zülfüqarov Ermənistanın vəziyyəti gərginləşdirməkdəki məqsədini AÇIQLADI
Son iki gündə Ermənistan ordusunun bölmələri sərhəd rayonlarımız olan Laçın, Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimizi müxtəlif növ atıcı silahlardan, həmçinin toplardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Həmçinin Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağdakı separatçılar da ordumuzun Şuşa, Xocalı və Tərtərdəki mövqelərini atəşə tutub.
Bəs, Ermənistanın xüsusən sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir?
Bununla bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a danışıb.
O, vurğuladı ki, Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməyi, onların daim hansısa himayədarı tapmaq istəyindən irəli gələn təxribatdır:
"Çünki gördük ki, bir neçə ay bundan öncə təxribatlar edirdi ki, Qərbin hansısa missiyasını sərhəd bölgəsinə gətirsin. Buna nail oldular. Daha sonra Paşinyan dedi ki, bu missiya təhlükəsizlik təminatı vermir. İndi də Moskvaya üz tutublar. Moskvaya getməmişdən öncə Paşinyan fikir səsləndirdi ki, Rusiyanın təkliflərinə dəstək veririk. Məqsədi odur ki, rus missiyasını gətirsin. Amma əsas problem odur ki, o missiyanın yerləşməsi barəsində hələ qərar yoxdur. Çünki sərhəd delimitasiya və demarkasiya olunmayıb. Bu baxımdan, Azərbaycan tərəfi sərhədi bir şəkildə görür, Ermənistan isə digər formada. Ermənistanın məqsədi odur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınmasın. Vəziyyət də bu cür davam etsin. Amma ermənilər kimi istəyirlər gətirsinlər, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadan "təhlükəsizliyi təmin etmək" onlar üçün mümkün deyil".
Humay İSGƏNDƏRLİ