"Tramp siyasətdən başı çıxmayan bir maklerdir" - Politoloq
Keçmiş Prezident Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən ABŞ lideri seçiləcəyi təqdirdə Ukraynadakı müharibəyə 24 saat ərzində son qoymaq vədi Respublikaçılar Partiyasının narazılığı ilə qarşılanıb.
Hətta Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Asa Hatçinson deyib ki, Tramp Rusiyaya dəstək verməklə Ukraynanı satmağa hazır olduğunu hamıya xatırlatdı.
Eyni zamanda, Nyu Cersi ştatının keçmiş qubernatoru Kris Kristi də əlavə edib ki, "Onun bəyanatı nə qədər gülünc görünsə də, mən onun Ukraynanı Putinə və hətta Rusiyaya verməklə bunu etməyə çalışacağından şübhələnirəm".
Bəs Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Ukraynanı Rusiyaya qurban verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Tramp ABŞ-ın indiyə qədər iş başına gəlmiş ən ağılsız, ən əxlaqsız, ən qeyri-səmimi, yalançı prezidenti olubş
“Onun sənəti makler idi. Ev alveri ilə məşğul olurdu. İndi tale elə gətirib ki, gəlib prezident seçilib. Onun prezidentliyi dövrü müsbət heç nə ilə yadda qalmayıb. Bu adam ağzına gələni, necə deyərlər, beyninə hansı fikir düşür onu, öz səviyyəsinə uyğun şəkildə yorumlayır və efirə buraxır. O nə bilir ki, Ukraynada gedən müharibə nədən ibarətdir? O, nə bilir ki, dövlətin suverenliyi nədir? Bilsə də, onun dəyərinə qiymət vermək iqtidarında deyil. Necə ola bilər ki, 50 milyonluq bir xalqı, Avropanın ən böyük ölkələrindən birini Rusiyaya hədiyyə verə bilər?”,-deyə o, bildirdi.
Politoloq qeyd etdi ki, Tramp ilk dəfə prezident seçilən vaxtı Rusiyanın pulu və yaxın dəstəyi ilə seçildiyini deyirdilər.
“Və bu da onun ən ciddi nöqsanlarından biri kimi göstərilib. Amerikada heç kəs Trampın sözlərinə əhəmiyyət vermir. Mən şəxsən onun sözlərini gülüş və istehza doğuran sözlər kimi hesab edirəm. Bu adam bisavaddı, kifayət qədər praktikası olmayan və siyasətdən başı çıxmayan bir maklerdir. Elə o öz makler işi ilə məşğul olsa daha yaxşıdır”.
Arzu İSMAYIL