"Ermənistanın son təxribatlarında məqsəd sülh müqaviləsinin imzalanmasına maneçilikdir" - Deputat

 17:51 12.05.2023     535

Son iki gündə Ermənistan ordusunun bölmələri sərhəd rayonlarımız olan Laçın, Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimizi müxtəlif növ atıcı silahlardan, həmçinin toplardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Nəticədə Azərbaycan Ordusunun bir hərbçisi başından ağır yaralanıb, daha bir hərbçimiz isə şəhid olub.

Bəs, Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün bir zəmin yaranan vaxt mütləq şəkildə ermənilər tərəfindən belə bir təxribat baş verir.

Onun sözlərinə görə, bu, tarixən belə olub:

"Əsas məqam da ondan ibarətdir ki, artıq Kəlbəcər istiqamətində məhz mövqelərimiz Ermənistan dövlətinin ərazisindən atəşə məruz qalıb. Təəssüf ki, bizim yaralımız, bir şəhidimiz var. Brüsseldə keçiriləcək görüş ərəfəsində məhz bu hadisənin törədilməsi bir daha onu göstərir ki, nəyin bahasına olursa-olsun Ermənistan sülh müqaviləsinin imzalanmasından imtina eləməyə çalışır. Bu, bir daha göstərir ki, Ermənistanın hətta özündə, rəhbərliyində müxtəlif mövqelər sərgilənir. Çünki millətçi qüvvələr olan və Paşinyana müxalif olan qüvvələr ciddi cəhdlə status-kvonun saxlanmasına çalışır və onların havadarları da bu məsələni daim qabardırlar. Əsas məqam odur ki, Rusiya sülhməramlı qüvvələri mütləq şəkildə bu təxribata son qoymalıdırlar. Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda, Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu haqda bir araşdırma aparmalıdır. Çünki təxribatçı ermənilər qondarma status məsələsini yenidən qaldıracaqlar. Azərbaycan tərəfi Azərbaycan-Ermənistan danışıqlarının baş tutmasına çalışır. Eyni zamanda, heç bir beynəlxalq statusu olmadan erməni icması ilə danışıqlar aparmaq fikri var. Təbii ki, razılaşdırılmamış bir sıra məqamlar da var. Ermənilər çalışır ki, bu gün Laçın yolunun əvvəlində qoyulmuş sərhəd buraxılış məntəqəsinin ya Rusiya sülhməramlıları ilə birgə iş fəaliyyəti olsun və yaxud ümumiyyətlə, ləğv olsun. Bu da mümkün deyil, çünki bizim ərazimizdir, biz tam şəkildə sərhədimizi bağlamışıq. Bunlar da Ermənistan və onların havadarları üçün xoş deyil. Ona görə də bu təxribatların ardı-arası kəsmir".

Deputatın fikrincə, onlar unutmasınlar ki, nəyin bahasına olur-olsun, istər hərbi yol olsun, digər məsələlər olsun, bu sülh bərqərar olacaqdır.

"Azərbaycan öz daxili məsələlərini özü həll etmək iqtidarındadır. Ona görə də bu təxribatların əsasında bu sülh müqaviləsinin imzalanmasına maneçilik durur. Çünki artıq anons verilib ki, həm Brüsseldə, eyni zamanda Rusiya müstəvisində Amerika müstəvisindən sonra danışıqlar aparılmalıdır və razılaşdırılmış, razılaşdırılmamış da maddələr var. Bunların da məhz danışıqlar prosesində ortaya qoyulmasından söhbət gedir. Bir daha təkrar edirəm ki, bunu da götürməyən, razı olmayan qüvvələr var və Ermənistan rəhbərliyi arasında da hərc-mərclik var. Hərbçilər arasında da problemlər yaşanır. Buna görə də mütləq şəkildə sülhü bərqərar etmək istəyən qüvvələr Ermənistana bir daha öz təzyiqini artırmalıdır. Eyni zamanda qeyd etmək istərdim ki, Paşinyan başqa cür açıqlama verə bilməz. Çünki tam şəkildə orduya nəzarəti həyata keçirə bilmədiyi üçün özünün hakimiyyətinin zəif olduğunu inkar etməlidir. Məhz buna görə də belə açıqlama verməlidir. Bu gün onun ordusunda baş verən xaos, eyni zamanda müxtəlif siyasi əqidəli şəxslərin orduya müdaxilə edə bilmək imkanı belə bir vəziyyətə gətirib çıxarıb. Ona görə də düşünürəm ki, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi, həm də birmənalı şəkildə Rusiyadan asılı olan bir dövlət kimi bundan başqa bəyanat vermək iqtidarında deyil. Eyni zamanda, həm Brüssel görüşləri öncəsi, həm Kişinyov, həm də Rusiyada da bir görüş planlaşdırılırdı. Belə bir məsələdə mütləq bir hesabat xarakterli bəyanat verməli idi. Düşünürəm ki, Paşinyanın bəyanatları bundan o tərəfə keçmir",-deyə A.Nağıyev qeyd etdi.

Həmidə İbrahimli