"Ermənistan KTMT qüvvələrini şərti sərhədə gətirmək istəyir" - Musa Qasımlı

 17:14 12.05.2023     350

"Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməkdə bir neçə məqsədi var. İlk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və sülh sazişi məsələlərindən boyun qaçırır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı son günlər Ermənistan tərəfinin şərti sərhəddə təxribatlar törətməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan gələcəkdə hansısa əlverişli şəraitin yaranacağına ümid bəsləyir:

"Hesab edir ki, əgər sərhədlərin delimitasiyası və demarkasiyası olarsa, sülh sazişi imzalanarsa, o zaman Ermənistan üzərinə təhəddüdlər götürməli olacaq. Onu pozduqda isə bəlli şərait yaranacaq. İkincisi, Ermənistanın sərhəddə təxribat törətməsi Nikol Paşinyanın Moskvaya səfərindən sonra baş verdi. Bu hadisə Paşinyanın səfəri zamanı keçirdiyi görüşlərin mahiyyəti barədə müəyyən mülahizələr yürütməyə imkan verir. Ermənistan bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələri öz ərazisinə, şərti sərhədə gətirmək istəyir".

Musa Qasımlı hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın faydasınadır.

"Ermənistan üçün əlverişli şərait heç bir zaman yaranmayacaq. Ermənistan Rusiya ilə Avropa İttifaqı ölkələri arasında meydanda köhnə top kimi o küncdən bu küncə vurulacaq. Uduzan Ermənistan olacaq",-deyə deputat vurğuladı.

Həmidə İbrahimli