“Hər bir güllə səsi sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu göstərir” - Zahid Oruc

 14:02 13.05.2023     663

Bir neçə gündür Ermənistan ordusunun bölmələri sərhəd rayonlarımız olan Laçın, Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimizi müxtəlif növ atıcı silahlardan, həmçinin toplardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədir.

Təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbçisi şəhid olub, biri isə ağır yaralanıb.

Maraqlıdır, Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir? Nikol Paşinyanın Moskva səfərindən sonra baş verən təxribatların arxasında Rusiya dayana bilərmi?

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Redaktor.az-a danışıb.

Deputatın sözlərinə görə, təxribatların arxasında Rusiyanın olduğu məntiqini davam etdirsək, belə yekuna gələrik ki, Ermənistanın Göyçə dağlarında, Kəlbəcərlə həmsərhəd ərazilərdə yerləşdirdikləri hərbi hissələrin hamısı Moskvadan idarə olunur:

“Bu isə doğru yanaşma olmayacaq, daha geniş izah və təhlillər tələb edir. Əlbəttə qəbul etməliyik ki, region dövlətlərinin hər biri Ermənistan-Azərbaycan arasındakı konfrantasiyadan maksimum dərəcədə bəhrələnə bilər, buna da çalışırlar. Çünki əks halda, sülh vəziyyəti bölgəni çiçəkləndirir, inkişaf etdirir, kənar güclərin asılılığına son qoyur. Sərhəddə məlum toqquşmaları bir neçə amillə əlaqələndirirəm. Birinci növbədə hələ də Vətən müharibəsindəki qələbədən sonra Ermənistan bu şərtlərin diplomatik, siyasi masaya daşınmasına müqavimət göstərir. Hesab edirlər ki, burada pauza müəyyən bir zaman qazandıra bilər. Bu kimi lokal toqquşmaları, indiki halda Rusiyanın, İranın mövqeyi necədir, ya üçüncü dövlətin mənafeləri nəyi tələb edir kimi qiymətləndirmirəm”.

Komitə sədri bildirdi ki, nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, toqquşmalar buna görədir.

"Amma, demirəm ki, sülh müqaviləsi olandan sonra artıq bir dənə də olsun güllə atılmayacaq. Yəni faktiki olaraq 10 noyabr sənədi heç atəşkəs müqaviləsi də deyil. O, həmin dövr üçün müharibənin başa çatdığını göstərən bir hadisədir. Hansı ki, Azərbaycan onu kapitulyasiya aktı adlandırır. Sərhəddə toqquşmaların bir neçə komponentdə təhlilləri bizim tərəfdən daha ciddi şəkildə aparılmalıdır. Biz fərqindəyik ki, onların hədəfi həm bizim bu böyük qayıdışa zərbə vurmaq, həm də regionda sülh yoxdur mesajını verdirməkdir. Beləliklə məqsədləri dövlətlərin diqqətini prosesə cəlb etmək, özlərinə himayədar axtarmaqdır. Mövzu ilə bağlı son fikrim odur ki, hər bir güllə səsi sülh müqaviləsinin imzalanmasının əslində zəruri olduğunu göstərir”, - deyə Zahid Oruc vurğuladı.

Humay İSGƏNDƏRLİ