"Seçkilər Türkiyədə möhkəm demokratik əsasların olduğunu sübut etdi" - Politoloq

 16:27 15.05.2023     335

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə keçirilmiş prezident seçkilərinin qalibi olmadı. Nə Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, nə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, nə də "ATA İttifaqı"nın namizədi Sinan Oğan 50+1 faiz səddini aşa bildi. Odur ki, Türkiyə 13-cü prezidentini ikinci turda seçməli olacaq. 

Bəs, ikinci turda kim qalib gələcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Türkiyədəki seçkilərdə bir neçə mühüm əlamət müşahidə edilir.

“Birincisi, seçkilər Türkiyədə dayanaqlı, möhkəm demokratik əsasların olduğunu sübut edir. Əlahəzrət seçici müəyyən etdi ki, cənab Ərdoğan Türkiyəyə 20 ildən artıq rəhbərlik etmək istəyir. Birinci turda qalib gələ bilmədi, ikinci tura getməlidir. İkincisi, seçkilər göstərdi ki, Türkiyədə sağlam və güclü müxalifət var. Üçüncüsü isə, əhalinin əksəriyyəti Ərdoğanı dəstəkləyir. Çox güman ki, ikinci turda, mayın 28-də də, o, ikinci turda da qalib gələcək və bir müddət də Türkiyəni idarə edəcək. Bu seçkilərlə "Türkiyədə diktaturadı, istibdatdı, avtoritar quruluşdu" kimi fikirlər, hamısı puçluğunu sübut etdi.”- Z.Əlizadə bildirdi.

Arzu İSMAYIL